Close

09:14
27 Aprel 2025

Tarixi abidələr iş adamlarına verilə bilər...

“Ayrı-ayrı xeyriyyəçi insanlardan, iş adamlarından hansısa bir tarixi abidəni təmir etmək istəyi ilə bağlı bizə də müraciətlər olur”.

Bunu TNS-ə açıqlamasında deputat Fazil Mustafa bildirib.

Deputat tarixi abidələrin müəyyən şərtlər çərçivəsində iş adamlarına verilməsinə müsbət yanaşdığını deyib: “Düşünürəm ki, bu məsələdə istəyi olan insanlara “yaşıl işıq” yandırmaq olar. Tarixi abidələr onları könüllü olaraq, təmir etmək istəyənlərə verilə bilər. Amma bina sadəcə icarə formasında verilə bilər ki, burdan da dövlətə müəyyən vəsait daxil olsun. Yəni, mülkiyyətə verilmədən söhbət getməməlidir”.

Deputat bu məsələdə diqqət edilməsi vacib olan məqamlardan danışıb: “Əgər ortada peşəkar istək varsa, binanın təmiri müəyyən olunmuş standartlara uyğun həyata keçiriləcəksə, dövlət-özəl əməkdaşlığı formasında bu işi etmək olar. Əslində, bu məsələyə həm də mənəvi cəhətdən yanaşmaq olar. Cəmiyyətdə olan ayrı-ayrı şirkətlərin, qurumların tarixi irsə töhfə verilməsi baxımından da düşünülə bilər”.

Qeyd edək ki, deputat Səyyad Salahlı (Aran) Milli Məclisdə tarixi abidələrin iş adamlarına verilməsi məsələsindən danışıb.

Abidələrin bir çoxunun uçub-dağıldığını bildirən Səyyad Aran onlara ciddi nəzarət olmadığını da vurğulayıb: “Abidələri hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, sonra nə olsun?".

Spiker Sahibə Qafarova isə deputatın çıxışına etiraz edib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?”

Aygün