"Şeytanbazar"dan kinoya gələn "Qoçu Əsgər"
![](/upload/files/up3/Xeberler/2025/2/11/2024_06_19_667282c00b804.jpg)
Bu gün Azərbaycan SSR Xalq artisti Möhsün Sənaninin anım günüdür.
TNS xatırladır ki, Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin vəfatından 44 il ötür.
Möhsün Sadıq oğlu Cəfərov (Sənani) 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub.
Hələ 5 yaşında olarkən valideynlərini itirən Möhsün nənəsinin himayəsində böyüyüb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyub. Məqsəd Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan görmək idi.
Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.
Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyirdi. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailəsi böyük, yükü ağır idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olmasına görə utanırdı. Bu səbəbdən 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırır. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edirdi. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir.
1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır.
Az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır., 1921-ci ildə Bakıya köçdükdən sonra aktyorluq arzusunu həyata keçirir. Onun “Səbuhi” (“Vano”), “O olmasın, bu olsun” (“Qoçu Əsgər”), “Sehrli xalat” (Möhsün Ağayev”), "Dağlarda döyüş" (Qəmbər) filmlərində yaddaqalan rolları var.
Qeyd edək ki, M.Sənani aktyor Əli Qurbanovun xalası oğlu, film səsləndirən, aktrisa Ofeliya Sənaninin qayınatasıdır.