Akademik Musiqili Teatrda “Əsgər və Gülçöhrə” tamaşası hazırlanır
![](/upload/files/up4/Xeberler/medeniyyet/2025/02/tt1.jpg)
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu görkəmli alim – akademik, Xalq yazıçısı Kamal Abdulla və musiqisi görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus olan “Əsgər və Gülçöhrə” tamaşasının məşqlərinə başlanılıb.
TNS xəbər verir ki, müəllif və bəstəkarın da iştirak etdiyi ilk məşqdə sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları və teatrın yaradıcı heyətini təbrik edib, onlarla fikirlərini bölüşüb: “Hörmətli alim, ictimai xadim Kamal Abdullanın “Əsgər və Gülçöhrə” əsərini qələmə alması heç də təsadüfi deyil. O, bunu dahi bəstəkar Üzeyir Hacıbəylinin bir əsrdən çox yaşı olan “Arşın mal alan” operettası əsasında dayısı – görkəmli kino və teatr rejissoru Rza Təhmasibin ekranlaşdırdığı eyniadlı filmdən ilhamlanaraq yaradıb. Xoşbəxt sonluqla bitən sevgi hekayəsindən fərqli olaraq, Kamal Abdullanın əsərində hədəfə alınan, vurğulanan mövzu bolşeviklərin ölkəmizi istila etdiyi, maddi və mənəvi sərvətlərimizi taladığı kəşməkəşli dövrdə baş verən hadisələri əhatə edir...
Tarixin qaranlıq səhifələrini müasir tamaşaçıya dolğunluğu ilə çatdırmaq, həqiqətən də, böyük məsuliyyətdir.
Hörmətli bəstəkarımız Cavanşir müəllimin musiqiləri bu teatr üçün yad deyil və əminəm ki, onun əsrarəngiz bəstələri növbəti uğurlu bir səhnə işinin yaranmasına öz töhfəsini verəcək”.
Layihə iştirakçıları çıxışlarında tamaşanın dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi, həmçinin Kamal Abdulla və Cavanşir Quliyevin 75 illik yubileyləri münasibətilə təqdim olunmasını da təklif ediblər.
Yaradıcı heyətlə tamaşanı müzakirə edərək qarşılıqlı fikir mübadiləsi aparan müəllif və bəstəkar göstərilən diqqətə görə teatr rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Rol bölgüsünə əsasən, səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, İqrar Salamov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, aktyorlar Möylə Mirzəliyev, Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Faiq Mirzəyev, Gültac Əlili, Nərmin Əliyeva, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Rauf Babayev, Sübhan Rüstəmov, Əli Kərimov iştirak edəcəklər. Teatrın əksər tamaşalarında olduğu kimi, bu tamaşada da xor və balet artistləri səhnəyə çıxacaqlar.