Xalq şairinin ev-muzeyinin hostel kimi fəaliyyət göstərməsi xəbərinə RƏSMİ REAKSİYA - FOTO
Azərbaycanın Xalq şairi Rəsul Rzanın Nizami küçəsində yerləşən ev-muzeyində hazırda təmir və ekspozisiyaların qurulması işləri davam etdirilir.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Muzeyin binasının hostel kimi fəaliyyət göstərməsi ilə bağlı yayılan görüntülər haqqında nazirlikdən qeyd olunub ki, muzey binanın ikinci mərtəbəsində yerləşir: “Haqqında söhbət gedən muzeyin direktoru Fidan Rzayevadır. Muzey binanın ikinci mərtəbəsində yerləşir və hazırda təmir və ekspozisiyaların qurulması işləri davam etdirilir.
Binanın birinci mərtəbəsində isə "London Hotel" yerləşir. Muzey rəhbərliyi tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, hotelin reklamı çıxarılmayıb”.
Məlumatda o da vurğulanıb ki, muzey Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindədir.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda Azərbaycanın Xalq şairi Rəsul Rzanın ev-muzeyi lövhəsinin asıldığı məkanın hotel kimi fəalyyət göstərməsi ilə bağlı məlumat yayılıb.
Xatırladaq ki, hələ 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Bakı şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, muzeyin yerləşdiyi mənzil nazirliyin balansına götürülüb, muzeydə nümayiş olunacaq əşyalar müvafiq qaydada siyahıya alınıb.
Ev-muzeyi Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında yerləşir. Rəsul Rzanın Göyçay şəhərində də ev-muzeyi fəaliyyət göstərir.
Aygün