Onun üçün o taylı-bu taylı yox, vahid Azərbaycan var idi...
Bu gün Azərbaycan SSR-in Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun doğum günüdür.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 3 yaşında ikən anasını itirib. Atası Əjdər kişi iki körpə uşağı ilə Bakıya köçüb. 7 yaşında olarkən atasını da itirən Mirzə İbrahimovun həyatında ağır günlər başlayıb.
Kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək çörək pulu qazanıb. 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib.
Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. Azərbaycan nəsrinin ən görkəmli simalarından biri olan Mirzə İbrahimov ilk hekayə və oçerklərini 30-cu illərdə yazıb. 1931-ci ildə yazdığı “Zəhra” və “Mələk” hekayələri o illərin mühitində onu bir yazıçı kimi tanıdıb.
Professor Fazil Qaraoğlunun sözlərinə görə, Mirzə İbrahimov bir yazıçı və şəxsiyyət kimi özündə bütöv vətənimizi - şimali və cənubi Azərbaycanımızı yaşadır: “Mirzə İbrahimov üçün o taylı-bu taylı Azərbaycan yox, vahid Azərbaycan var idi. Milyonların bütövlük diləyi, mənlik və qürur hissi Mirzə İbrahimovun ideoloji görüşlərində və əsərlərində canlılıq qazanıb, xalqın özünü dərketmə, milli və bəşəri düşüncə tərzinin formalaşmasında mühüm yer tutub”.
Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1957-1965), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində çalışıb. Ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub.
Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib.
O, 1993-cü il dekabr ayının 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
Aygün