Mədəniyyət naziri Xalq artistini təltif edib
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aparıcı aktrisası, respublikanın Xalq artisti Lyudmila Duxovnaya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.
Mədəniyyət Nazirliyindən TNS-ə verilən məlumata görə, aktrisa ölkəmizdə teatr sənətinin inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyik münasibətilə bu təltifə layiq görülüb.
Fəxri diplom Akademik Rus Dram Teatrının oktyabrın 26-da "Çexovun tapançası” tamaşasının premyerası zamanı Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən təqdim edilib.
Aktrisanı yubileyi münasibətilə təbrik edən nazir onun ömrünün böyük bir hissəsini səhnə sənətinə həsr etdiyini bildirib, yaratdığı maraqlı obrazlar qalereyası ilə tamaşaçıların rəğbətini qazandığını deyib.
Lyudmila Duxovnaya fəaliyyətinə verilən dəyərə görə nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, Lyudmila Semyonovna Duxovnaya 1944-cü il oktyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Bakıda Teatr İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərir. O, karyerası ərzində teatr və kinoda 120-dən çox obraza həyat verib, məharətli oyunu ilə tamaşaçıların yaddaşında iz qoyub. Yaradıcılığı yüksək qiymətləndirilən aktrisa “Əməkdar artist” (1978), “Xalq artisti” (1991) fəxri adlarına layiq görülüb. O, həmçinin “Qızıl dərviş" və "Humay” mükafatları ilə də təltif olunub.