Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Ömrün çox qəhrinə dözdüm, ölmədim... - Həmişəyaşar ədəbi şəxsiyyət

Ordubad tarixən böyük mədəniyyət mərkəzi olmuşdur. Qədim Azərbaycanın əsas böyük şəhərlərindən və paytaxtlarından biri olan Təbrizə təxminən 150 km məsafədə qərar tutan Ordubadın Şərq ölkələri ilə sıx ədəbi-mədəni və iqtisadi əlaqələri olmuşdur. Burada Hatəm xan Ordubadi, M.T.Sidqi, Y.Məmmədəliyev, M.S.Ordubadi, İ.Əbilov və başqa elm, ədəbiyyat və siyasət xadimləri yetişmişdir. Bu mədəniyyət mərkəzində Dəstə kəndinin özünəməxsus yeri vardır. Dəstə kəndi Ordubadın maarif və mədəniyyət tarixində öz tanınmış ziyalıları ilə seçilir. Bu kəndin yetirmələri akademik Şirəli Məmmədov, filoloq professor Nəsir Məmmədov, yazıçı-tərcüməçi Cəfər Bağır, şairlərdən Əbdül Kazım, Hüseyn Əzim, yazıçı Məmmədəli Tarverdiyev və başqalarının adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Dəstə kəndinin tanınmış ziyalılarından biri də Azərbaycanın əməkdar incəsənət xadimi, şair Hüseyn Razidir. Hüseyn Məmməd oğlu Rzayev (Razi) 1924-cü il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun gözəl təbiəti, məhsuldar, bağlı-bağatlı, otlu-sulu torpağı ilə insanı valeh edən Dəstə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından atasını itirmişdir. Bir şeirində şair bu itkini, anasının ağır ailənin çətinliklərini çiynində daşımasını belə ifadə etmişdir:

Atamın üzünü görə bilmədim

Yetimlik haqladı məni bələkdə.

Ömrün çox qəhrinə dözdüm, ölmədim,

Fəqət çox nisgilim qaldı ürəkdə.

Mənə ata oldu anam o gündən

Onun da gəncliyi qaldı yarıda

O mənə gecələr layla deyəndə

Arabir doluxub hıçqırırdı da.

Şair 60 illik yubileyi ilə əlaqədar yazdığı xatirələrində doğma diyarı, əziz torpağı, yurd sevgisini, ağır uşaqlıq illərini belə təsvir edir: “İlləri xatırladıqca qəlbimin güzgüsündə ömrümün xəritəsi canlanır. Ona baxa-baxa qartallı dağların yaxasına sığınmış Ordubad, sahil üstə fikirli dayanmış Dəstə kəndi, bağ-bağatlı yamaclar, hər qarışında bir şəfa bulağı çağlayan təpələr, düzlər, nəğməli-bayatılı Arazın düşüncəli görkəmi xəyalımda aşkarlanır. Bu sahillər mənim ilk seyrangahım, beşiyim, duyğu və düşüncələrimin bələdçisi, nisgil və həyəcanlarımın yazılmamış xatirə dəftəridir. Ətəkləri Arazda yuyulan, arxası zirvələrə söykənən baba yurdum Dəstədə həyata göz açdığım gündən altı onillik keçir. Mən burada hər iki sahilin yanaşı dağlarda əks-səda verən nəğmələrini dinləmiş, nənələrin, babaların can dəftərindən xatirə və rəvayətləri yaddaşıma köçürmüşəm. Bu kənddə məktəbdən qabaq zəhmətə çağıran çölləri tanımışam, dəftər-qələmdən əvvəl beldən, oraqdan, kərəntidən tutmuşam” .

1937-ci ildə kənddəki yeddiillik məktəbi başa vuran gənc Hüseyn az sonra (1938) Ordubad Pedaqoji Texnikumuna qəbul olmuş, bu maarif ocağını 1941-ci ildə əla qiymətlərlə başa vuraraq Culfa rayonunun Ərəzin kənd məktəbində sinif müəllimi kim fəaliyyətə başlamışdır. Lakin amansız müharibə gənc müəllimin işıqlı və gözəl arzularının həyata keçməsinə imkan vermədi. Gənclik arzularını amansız müharibənin başlaması tar-mar etmişdir: “Ordubad şəhərindəki pedaqoji məktəbi qurtarıb ibtidai məktəb müəllimi kimi Naxçıvan vilayətinin ucqar bir kəndinə təyinat almışdım. Qəlbimdə arzuların işığından doğan qanadlı duyğular pöhrələnmişdi. Xəyallarım ayların, illərin üstündən fərəhlə adlayıb gəncliyin sevdalı çağlarına boylanırdı. Lakin evə dönəndə kəndimizin girəcəyindəki alaqapının üstünə bərkidilmiş radiodan S.Vurğunun məşhur misrasını eşitdim: Bilsin ana torpaq, eşitsin vətən... Beləliklə, gəncliyin sevdalı çağlarının həsrətinə büründük, döyüşlərə yollanan əsgərə döndük. “Dağıstan” gəmisi ilə çovğunlu, küləkli bir gecədə Xəzəri adlayıb qatara mindik, Aşqabaddan, Daşkənddən, Aktubinskdən, Saratovdan keçdik”.

Gənc şairin 1942-ci ildən başlayan, odlar-alovlar içində keçən, ölümlə burun-buruna cəbhə həyatı müharibə sona çatanadək, yəni 1945-ci ilə qədər davam etmişdir. O, SSRİ Silahlı Qüvvələri sıralarında İkinci Dünya Müharibəsində Oryol ətrafındakı döyüşlərdə yaralanmış, müalicədən sonra Pribaltika cəbhəsinə göndərilmiş və müharibənin sonunadək burada 99-cu hava alayında xidmət etmişdir. Müharibə dövründə qüsursuz fəaliyyətinə görə 1944-1945-ci illərdə “Döyüş igidliyinə görə” və “Döyüş xidmətlərinə görə” medalları ilə təltif edilmişdir. 1945-ci ildə vətənə dönən, bir il Ordubad rayonundakı 2 nömrəli səkkzillik məktəbdə müəllim işləyən şair 1946-cı ildən 1949-cu ilədək Ordubad rayon Dəstə kənd klubunun müdiri işləmişdir. Onu da qeyd etmək lazımdır ki, odlu-alovlu müharibə mənzərələri, çətin döyüş səhnələri yeniyetmə gəncin yaddaşında dərin izlər qoymuşdur. Ona görə də H.Razi xatirələrində bu məsələyə toxunarkən yazırdı: “Uşaqlıq illərinin cəbhə yollarında keçən odlu gəncliyin xatirələri ilə düşündükcə həyəcanlar təzələnir, qulağıma döyüşlərdən qayıtmayan yaşıdlarımın səsi gəlir. Həmin anları dönə-dönə aşkarlayıb misralara düzmək istəyirəm. Yazılarımda Böyük Vətən müharibəsindən gələn səslərin illər keçdikcə gurlaşması ürəkdəki kövrək xatirələrin əks-sədasından doğur.

Müharibədən sonra H.Razi işlədiyi mədəniyyət, ədə- biyyat və mətbuat sahəsi ilə əlaqələrini daha da genişləndirmişdir. “Şərq qapısı” şairin taleyində mühüm rol oynamış, bəlkə də buna görə şair sonralar çıxışlarında “ədəbi yaradıcılığa həvəsim 1947-ci ildən mətbuat səhifələrində görünən şeirlərlə aşkarlandı”, - deyə yazmışdır. Lakin ədibin tədqiqatçılarından olan filologiya elmləri doktoru F.Xəlilov başqa tədqiqatçıların və şairin özünün bu fikrinə dəqiqlik gətirərək qeyd etmişdir ki, hələ onun mətbu şeirləri 1947-ci ildən 5-6 il əvvəl, o cümlədən 1941 və 1942-ci illərdə çap edilmişdir. Amma bununla belə, H.Razinin şeirləri və imzası 1947-ci ildən “Şərq qapısı” qəzetində daha tez-tez görünməyə başlamışdır. Ona görə də gələcəyin böyük söz ustasını bu mətbuat orqanına işə dəvət etmişlər və şair 1949-cu ildən qəzet redaksiyasında şöbə müdiri kimi işə başlamış, 1952- ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışmışdır. O, 1955-ci ildə yenidən qəzetə dəvət olunmuş, ədəbi işçi kimi fəaliyyətə başlamışdır. Arada az bir müddət AZƏRTAC-ın Naxçıvan Muxtar Respublika müxbiri də işlədikdən sonra 1962-ci ildə həmin qəzetdə Ədəbiyyat və incəsənət şöbəsinə müdir təyin olunmuşdur. H.Razi bu vəzifədə 30 ilə yaxın çalışmış, muxtar respublikanın ədəbi mühitinin inkişafında səmərəli xidmət göstərmişdir. Xüsusilə gənc ədəbi qüvvələrin yetişməsində, onların, ideya-siyasi cəhətdən, milli dünyagörüş baxımından düzgün istiqamətləndirilməsində onun özünəməxsus rolu olmuşdur.

Gənc şair 1958-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

H.Razi bir ziyalı kimi təhsilini davam etdirməyin də qayğısına qalmış, 1953-1959-cu illərdə o zaman Azərbaycan Dövlət Universiteti adlanan indiki BDU-nun filologiya fakültəsinin “Jurnalistika” ixtisası üzrə tələbəsi (qiyabi) olmuşdur.

H.Razi elmi fəaliyyətə də maraq göstərmiş, görkəmli elm xadimi, akademiyanın müxbir üzvü, professor Abbas Zamanovun elmi rəhbərliyi altında 1970-1975-ci illərdə “İrəvanda Azərbaycan ədəbi mühiti” mövzusunda namizədlik dissertasiyası da yazmışdır.

H.Razi 1989-cu ildən təqaüdə çıxmışdır. Amma bu istedadlı sənətkar ədəbi yaradıcılıqdan ayrılmamış, Naxçıvanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmiş, dövri mətbuatda aktual problemlərə həsr olunan məqalələri dərc edilmişdir.

Görkəmli söz ustası 27 fevral 1998-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, vəsiyyətinə görə dünyaya göz açdığı doğma Dəstə kəndində dəfn olunmuşdur.

H.Razinin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (1964), Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin (1968-ci il), Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin (1970) Fəxri fərmanları ilə təltif edilmişdir.

H.Razi 11 mart 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “II dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif edilmiş, 15 noyabr 1984-cü ildə isə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Təqdirəlayiq haldır ki, görkəmli sənətkarın yaradıcılıq dünyası Nadir İsmayılov tərəfindən araşdırılaraq monoqrafiya şəklində çap edilmiş, gənc tədqiqatçı S.Əliyeva isə onun publisistikasını dərindən araşdıraraq elmi əsər ərsəyə gətirmişdir.

Şairin ədəbi irsinin böyük bir hissəsi müxtəlif vaxtlarda ayrı-ayrı nəşriyyat və dövri mətbuatda çap olunsa da, bugünədək işıq üzü görməyən bir sıra şeirləri, gündəlikləri və xatirələri, müəyyən ictimai əhəmiyyət daşıyan məktubları, bəzi ədəbi qeydləri hələlik diqqətdən kənarda qalmışdır. Bununla bağlı filologiya elmləri doktoru Fərman Xəlilov araşdırmalarını davam etdirir.

Azərbaycan ədəbiyyatı tarixində Naxçıvan ədəbi mühiti özünəməxsus yer tutmaqdadır. Təsadüfi deyil ki, bu ədəbi mühit M.T.Sidqi, H.Cavid, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Araz, İ.Səfərli və başqa məşhur söz sənətkarlarını yetirmişdir.

Naxçıvan ədəbi mühitinin istedadlı, vətənsevər, orijinal qələm sahiblərindən biri də H.Razidir. F.Xəlilovun araşdırmalarında təsdiqini tapdığı kimi, H.Razi bədii yaradıcılığa II Dünya Müharibəsi illərində 1941-ci ildə müharibənin ilk aylarında nüfuzlu vilayət qəzeti olan “Şərq qapısı” qəzetində “Partizanın andı” adlı ilk şeirini çap etdirməklə qədəm qoymuşdur. Şairin “Şəlalə” adlı ikinci şeiri 1942-ci ildə həmin qəzetdə dərc olunmuşdur.

H.Razinin yaradıcılığı keçən əsrin 50-90-cı illərində Azərbaycan, həmçinin o zamankı sovet ədəbiyyatı ilə sıx surətdə bağlı idi. Onun əsərləri yaşadığı dövrün ümumi vəziyyəti, ictimai-siyasi ab-havası, əhvali-ruhiyyəsi haqqında müəyyən təsəvvür yaratması baxımından çox əhəmiyyətlidir.

H.Razinin zəngin ədəbi-bədii yaradıcılığını 3 dövrə ayırmaq olar. Birinci dövr təxmini olaraq 1940-60-cı illəri əhatə edir. Bu dövrdə görkəmli söz ustası öz yaradıcılığında daha çox lirik şeir janrına üstünlük vermişdir. Bu dövrü şairin yaradıcılığında axtarışlar dövrü kimi də səciyyələndirmək olar. Bu illərdə H.Razi ədəbi aləmdə bir şair kimi tanınmağa başlamışdır. Onun bu dövr yaradıcılığında zamanın ideoloji mövzuları əsas yer tutmuşdur. İdeoloji çərçivədən çıxa bilməsə də, şeirlərdəki təsvir qabiliyyəti, işlətdiyi ruhu oxşayan söz və kəlmələr oxucunun ürəyini riqqətə gətirir. Şairin 1958-ci ildə “Kəndimizin səhəri” adlı ilk şeirlər kitabı nəşr olunur. Bu kitabda o dövr üçün böyük şöhrət və nüfuz sahibi olan, ədəbi məktəb yaratmış S.Vurğunun nəfəsi duyulur.

Təsadüfi deyil ki, şair tez-tez böyük sənətkarın adını da yad etmişdir:

Söz sənətin çox parlaqdır,

Əbədilik qalacaqdır.

Səməd Vurğun olacaqdır,

Tarix boyu təzə şair.

H.Razi də öz sələfi kimi təbiətində şairlik məharəti olan, sözə ruh, nəfəs verən, anadan şairlik istedadı ilə doğulan bir filosof şair idi. Şairin yaradıcılığının birinci dövrünə aid şeirlərində vətənpərvərlik ruhu, əməyin tərənnümü diqqəti daha çox cəlb edir. Bu şeirlərdə səmimilik, sərrast şair müşahidələri, poetikləşdirmə qabiliyyəti, obraza bədiilik aşılamaq istəyi gözə çarpır. Bu baxımdan elə “Kəndimizin səhəri” şeirindəki obrazlılıq, bədii təsvir oxucuda kənd həyatının gözəllikləri haqqında xoş təəssürat, gözəl ovqat yaradır:

Nar gülünün rənginə boyandıqca üfüqlər

Seyrək səhər dumanı uzaqlara sürünür.

Süzüldükcə günəşin çöhrəsində şəfəqlər

Kəndimizin bağları daha gözəl görünür.

Uca binalar durur söyüdlü yollar boyu

Geniş pəncərələrdə yellənir tül pərdələr.

Axır buz bulaqların hər yana sərin suyu

Eyvanları bəzəmiş limon, zanbaq, nilufər.

H.Razi yaradıcılığının ikinci dövrü 1960-1970-ci illəri əhatə edir. Bu dövrü böyük sənətkarın yaradıcılığında yetkinlik dövrü kimi səciyyələndirmək olar. Belə ki qüdrətli şair əsas poemalarını məhz bu dövrdə qələmə almışdır. Maraq kəsb edən, oxucunu ovsunlayan süjet xəttinə malik olan nəsr əsərləri, pyeslərinin əksəriyyəti də söz ustasının yaradıcılığının ikinci dövrünə təsadüf edir. Şairin bu dövrdə qələmə aldığı şeirlər onun yaradıcılığında yeni mövzu və problemləri, dil və üslubunun cilalanması, həyat hadisələrinə münasibətində yenilik duyğusu ilə yadda qalır. Şairin “Ana məhəbbəti” (1960) adlı şeirlər kitabı onun yaradıcılığının ikinci dövründə çap olunsa da, 1950-ci illərdə yazdığı şeirlərin toplusundan ibarətdir. Bu şeirlər vətənə, gəncliyə, məhəbbətə və yaradıcı əməyin tərənnümünə həsr olunmuşdur. Eyni xüsusiyyətlər, ideoloji məsələlər, tərənnümçülük, ritorika şairin dördüncü kitabı olan “Ömür yolları” kitabına (1964) da aiddir. Burada şairin mənzum oçerk adlandırdığı poema səciyyəli “Tarla bacıları” şeiri pambıqçı qızların əməyinin tərənnümünə həsr olunmuşdur. Şairin tədqiqatçısı N.İsmayılov onun yaradıcılığının bu dövrünün məhsulu olan “Səsləşən dağlar” (1970) kitabının timsalında 60- cı illərin şeirlərini H.Razi yaradıcılığında “irəliyə doğru bir addım” adlandıraraq yazır: “Hələ 60-cı illərdə yazılan şeirlərdə əllinci illərdəki şeirlərin müəyyən təsiri duyulurdu. Sırf tərənnümçülük, ritorika, vəsf üsulu 60-cı illərdə yazdığı bəzi şeirlərdə də özünü göstərirdi. 70-ci illəri H.Razinin bir şair kimi yetkinlik dövrü adlandıra bilərik”. Bu baxımdan həmin dövrün sonlarına yaxın çap olunmuş “Canlı tonqal” kitabı (1977) daha diqqətə layiqdir. Burada şairin şeir və poemaları toplanmışdır. Bu şeirlərdəki dərin lirika, üfüqlərin genişliyi, epik poeziyanın imkanlarından faydalanmaq bacarığı diqqəti cəlb edir. Bu kitabda dərin məzmunlu lirik şeirlərlə yanaşı, xalqların faşizm təcavüzünə qarşı apardığı qəhrəmanlıq mübarizəsini əks etdirən iki poema – “Koroğlunun Karpat səfəri” və “Canlı tonqal” poemaları da yer almışdır.

Üçüncü dövr (1980-1990) H.Razi yaradıcılığında yetkinlik dövrü hesab oluna bilər. Bu dövrdə nəşr olunan “Həmişəbahar” (1976), “Canlı tonqal” (1977), “Ayrılmaram” (1981), “Sahil həsrəti” (1985) kitablarında şairin obrazlarla, bədii təsvir vasitələri ilə zəngin poetik yaradıcılığı öz əksini tapmışdır. N.İsmayılov şairin bu dövrdəki bədii yaradıcılığını yüksək qiymətləndirmişdir: “Həyata, gerçəkliyə, cəmiyyət hadisələrinə münasibətdə mövqe aydınlığı - özü də həqiqi vətəndaş, fərdi poetik üslubun tam formalaşması şair özünəməxsusluğunun qabarıq nəzərə çarpması, şeir dilinin püxtələşməsi,  lirik  şeirlərlə  bir  sırada  epik-lirik  səpkili poemaların yaranması... bütün bunlar H.Razinin 70-ci illərdəki poetik uğurları idi”. Alim fikrinə davam edərək yazır ki, bu mərhələdə şairin yazdığı şeir və poemalarda zamanın gur səsi eşidilir, şair “məni” ötüb keçən illərə, baş verən hadisələrə müdriklik zirvəsindən nəzər yetirir, lirik qəhrəman şair “mən”i ilə qoşalaşır.

Keçən əsrin 80-ci illərində keçmiş SSRİ məkanında baş verən ictimai-siyasi hadisələr, Qarabağ böhranı, azadlıq, müstəqillik duyğuları şairin bədii yaradıcılığında öz əksini tapmışdır. Bu mövzuda yazılmış şeirlərin bir çoxu onun “Gözün aydın” kitabında da toplanmışdır. Bu şeirlərdə cəmiyyətdə baş verən hadisələrə ayıq münasibət diqqəti çəkir. Bu tipli şeirlərdən “Gördüm”, “Həyatın iç üzü”, “Qatar gedir”, “Bu dünyanın əsrarını”, “Bizi qoru, ulu tanrı” və b. şeirlərində üsyankar ruh diqqəti cəlb edir. Bu baxımdan 1991-ci ildə şairin qələmə aldığı şeir daha çox diqqəti cəlb edir:

Ömür keçdi, hər yolçuya əyildik,

Yad biganə süfrəsində yeyildik.

Biz heç kəsə etinasız deyildik,

Niyə haqqın duasına varmadıq?

 

İnad, hikkə mövqeyində dayandıq,

Necə gəldi oyalandıq, soyandıq.

Ömür boyu gədalara inandıq,

Haqqın böyük xudasına varmadıq.

Naxçıvan mövzusu görkəmli şairin bədii yaradıcılığında önəmli yer tutur. Şairin “Gəmiqaya daşları”, “Möminə xatın məqbərəsi”, “Əlincə qayaları”, “Duz dağı”, “Salvartı”, “Qanlı göl yaylağında”, “Azərbaycan gözəliyəm”, “Mənim respublikam” kimi şeirlərində Naxçıvanın əsrarəngiz təbiət gözəllikləri, mineral bulaqları, tarixi abidələri tükənməz şair məhəbbətilə təsvir olunmuş, ülvi vətənpərvərlik hisslərilə ifadə olunmuşdur.

70-ci illərdən etibarən şair yaradıcılığında poema janrına da müraciət etmişdir. Bu lirik-epik poemalar böyük şairin yüksək ədəbi istedadından xəbər verir. Onun “Koroğlunun Karpat səfəri”, “Canlı tonqal”, “Baltik göylərində”, “Sədaqət”, “Zülmətdə işıq”, akademik Y.Nəmmədəliyevə həsr etdiyi “İnsanlar, tələsin xeyirxahlığa”, ”Sahil həsrəti”, “Arpa çayı aşdı-daşdı”, “Ucalıq”, “Dünya sevənlərindir”, “Qanadlı nəğmələr” kimi əsərləri poema janrının ən dəyərli nümunələrindəndir.

H.Razinin “Qəribə cavan”, “Dilim öyrənib”, “Xətm elədik”, “Arvad dedi-qodusu”, “Özümüz bilərik”, “Çağrılan qonaq”, “Muştuluq şirinliyi” kimi kiçik həcmli, ancaq dərin məzmunlu hekayələri, habelə müharibə cəbhələrində şahidi olduğu hadisələri təsvir edən “Buludlar arasında”, “Həyəcanlı gecə” povestləri isə Azərbaycan nəsrinin qiymətli nümunələri kimi diqqəti cəlb edir.

60-cı illərdən başlayaraq şair qələmini dramaturgiya sahəsində də sınamışdır. H.Razi o dövr üçün çox aktual olan tarixi və müasir mövzularda “Odlu diyar”, “Tarla gözəli”, “Arxalı dağlar”, “Haray səsi”, “Günəş”, “Acı şirinlik” adlı 6 pyes qələmə almış və bu pyeslər respubulka teatrlarının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

H.Razi yardıcılığının mühüm bir qolunu da publisistika təşkil edir. Dəyərli şairimizin bir publisist kimi yetişməsində əməkdaşı olduğu “Şərq qapısı” qəzetinin xüsusi rolu olmuşdur. Əlli ilə yaxın “Şərq qapısı” qəzetində müxtəlif məzmunlu məqalələrlə çıxış edən H.Razi publisistikasının əsasını məhz bu mətbuat orqanında çap etdirdiyi müxtəlif mövzularda qələmə aldığı yazılar təşkil edir. Əsas həyat amalı Azərbaqycana xidmət olan, bədii və publisist yaradıcılığında doğma Naxçıvan torpağının ictimai-siyasi problemlərini ustalıqla işıqlandıran, yaradıcı ədəbi gəncliyin formalaşması istiqamətində bütün qüvvəsi ilə çalışan H.Razinin ”Şərq qapısı” qəzetindəki fəaliyyəti və dərc etdiyi yazıları 1940-90-cı illər Naxçıvanın ictimai-siyasi və ədəbi–mədəni həyatının öyrənilməsində qiymətli mənbə rolunu oynaya bilər.

Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, istedadlı şair Hüseyn Razinin ədəbi irsinin tam şəkildə toplanıb aşkara çıxarılması və öyrənilməsi, yüksək sənətkarlıqla yazılmış və dəyərli ictimai mündəricəyə malik olan bəzi qeyri-mətbu əsərlərinin aşkarlanaraq çap etdirilməsi tədqiqatçıların qarşısında duran vacib məsələlərdən biridir.

Əbülfəz Quliyev,

AMEA-nın müxbir üzvü