Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Repertuardan çıxan tamaşaların geyimləri harada saxlanılır?

Azərbaycanda teatr sənətinin tarixi qədimdir. Teatrımızın tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.

Ondan sonra Azərbaycanın teatr səhnələrində on minlərlə tamaşa oynanılıb.

Maraqlıdır, teatrlarda bir zamanlar oynanılan tamaşalarda istifadə olunan geyimlər harada saxlanılır?

TNS-in bu barədə sualını cavablandıran Azərbaycan Dövlət Akademik Musiqili Teatrının geyim sexinin müdiri Aynişan Məmmədova bildirib ki, nə vaxtsa oynanılmış, artıq səhnəyə qoyulmayan tamaşalarda istifadə olunan geyimlər, aksesuarlar teatrda saxlanılır. 

O qeyd edib ki, yeni tamaşalar səhnələşdiriləndə ehtiyac olduğu təqdirdə həmin paltarlardan istifadə edilir: “Teatrda səhnə üçün olan paltarlar, kostyumlar ən sadə bir aksesuar belə atılmır, qorunur-saxlanılır. Bəziləri muzeylərə təhvil verilir. Dəyərli sənətkarlarımız Hacıbaba Bağırov, Nəsibə Zeynalova kimi sənətkarların paltarları muzeydə saxlanılır”.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının bədii quruluş hissə müdiri Zəminə Elbir isə bildirib ki, teatrın geyim sexində səhnə kostyumlar çox olduğu üçün üç mərtəbədə bir neçə otaq həmin paltar və aksesuarlara ayrılıb: "Paltarlar bir neçə otaq və ən üst mərtəbədəki anbarda saxlanılır. Sexdə həm repertuarda olan tamaşaların, həm də repertuardan çıxmış tamaşaların kostyumları var. Repertuardan çıxan tamaşaların kostyumları yığılır, aid olduğu tamaşaların adları üzərinə yazılaraq, ən üst mərtəbədə kostyum anbarında səliqəli şəkildə saxlanılır. Anbarda olan kostyumların bəzən hər hansı detallarından yeni tamaşalarda da istifadə edirik. Dövrü başa çatmış səhnə geyimlərinin ikinci həyatı mütləq olur. Bəzən dövrü bitirmiş tamaşaların kostyumlarına yeni formalar verib, yeni səhnələrdə istifadə edirik. Bəzən olur ki, əyalət teatrlarına da kostyumlar veririk. Əyalət teatrlarında hərdən texniki istehsalat bazasında zəiflik olur və ya yeni səhnə geyimlərinə ehtiyac duyulur, onlar bizə müraciət edirlər. Həmin teatrlara dövrü bitmiş tamaşaların kostyumlarını göndəririk. Teatr kostyumları çox böyük çətinliklə ərsəyə gəlir və onların saxlanması, eyni zamanda qorunması əziyyət tələb edir".

Ayşən Azadova