Close

“Ulduz” və “Genç Yürekler” jurnalları əməkdaşlığa başladı

“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb. Dərginin bu nömrəsi Türkiyənin “Genç Yürekler” jurnalına həsr olunub.

TNS xəbər verir ki, “Ulduz” və “Genç Yürekler”in birgə layihəsinə əsasən, yeni sayda 51 türk müəllifin əsərləri yer alıb. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”

“Genç Yürekler”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə jurnalın Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayı çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Genç Yürekler” dərgisi “Ulduz” jurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək. “İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcək.

Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi tarixi günlərdə “Ulduz” və “Genç Yürekler” dərgilərinin əməkdaşlığı Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.