Close

“44”, “Tağıyev: Neft”, “Apatiya”, “Qapı”… - Bu il tamaşaçılar onları izləyəcək

Son illər yerli filmlərin istehsalında canlanma hiss olunur. Əcnəbi, xüsusilə Türkiyə istehsalı olan ekran işlərinə maraq göstərən Azərbaycan tamaşaçısı artıq yerli filmlərə də baxmağa başlayıb. Əvvəllər komediya janrında çəkilən filmlərə maraq vardısa, artıq tamaşaçılar daha ağır filmlər görmək istəyir.

Yeni mövsümdə tamaşaçılar hansı filmləri izləyə biləcək?

TNS çəkilişi planlaşdırılan və ya davam edən filmlərin siyahısını hazırlayıb.

Rejissor Valeh Əhmədov dördüncü filminin – “Evdə qalmış-2”nin çəkilişlərini yekunlaşdırmaq üzrədir. Filmin 2024-cü ilin dekabr ayında bütün kinoteatrlarda göstərilməsi planlaşdırılır. Romantik komediya janrında çəkilən filmin xronometrajı 80-90 dəqiqə intervalındadır. Filmdə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərovan, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmli, azyaşlı aktrisa Nur Türkmən rol alıb.

f1

Aktyor Vüsal Əhmədzadənin rejissor kürsüsündə əyləşdiyi “Qapı” filmi oktyabr ayında tamaşaçıların ixtiyarına veriləcək. Ekran işində rolları Əməkdar artistlər Sənubər İsgəndərli, Rafael İsgəndərov, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Nurlan Rüstəmov, Emil Musayev, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Kəmalə Onur və Kəmalə Piriyeva canlandırır. Filmin baş prodüseri və rejissoru Vüsal Əhmədzadə, təsvir rejissoru Orxan Məmmədov, prodüseri İbrahim Heydərovdur.

f4

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və faəliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filmi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Himayədar” adlı filmin çəkilişi 9 ay davam edib. Ümumikdə 15 aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası əsas qəhrəmanların 150-dən çox geyim və eskizini, 400-dən çox geyim növünü, 100 aksesuar – zərgərlik nümunəsini hazırlayıb. Bakı Media Mərkəzində yaradılan geyim emalatxanasında ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar əldə olunub. Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksesuarlar kirayə götürülərək bazaya əlavə olunub.

Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgələrdə baş verən mühüm tarixi hadisələr əks etdirilir.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.

f2

Hazırda “Azərbaycan Atabəyləri” tarixi sənədli filmi də çəkilir. Filmdə obrazları Türkay Cəfərli, Rəşad Kəsəmənli, Mitxun Babayev, fəxri mədəniyyət işçisi Kərəm Hadızadə, Orxan Sadıqzadə, Mila Bekova, Səmimi Fərhad, Elçin Muradov, Hidayət Əliyev canlandırır. Ekran işində digər rolları İlqar Musayev, Günay Əhməd, aparıcı Jalə Həsənli, Samir Qulamovun ifa edəcək. Şəmsəddin Eldəniz roluna isə dünya və Avropa çempionumuz Zabit Səmədov çəkilir. Xalq artisti Mehriban Zəki isə Şəmsəddin Eldənizin zövcəsi Möminə Xatunu oynayacaq.

f3

Aktyor və ssenarist Əlixan Rəcəbov da yeni mövsümdə təqdim edəcəyini filmlərin anonsunu verib. Rəcəbov bildirib ki, 2024-cü ilin sonuna kimi komediya janrında 3 yeni ekran əsərini kinosevərlərin ixtiyarına verəcək: “Bu ilin sonuna kimi sizi Əlixan Rəcəbovun 3 yeni filmi gözləyir – “Səriyyə” (satirik komediya), “Kran” (kriminal komediya), “Qaraj” (Sci-Fi, komediya)”.

Bakı Media Mərkəzinin layihəsi olan, 44 günlük Vətən müharibəsindən bəhs edən film isə “44” adlanır. Türkiyəli məşhur aktrisa Özge Gürelin də çəkiləcəyi filmdə onun tərəf müqabili İbrahim Çingiz olacaq. Rejissor kürsüsündə İsmayıl Səfərəlinin əyləşəcəyi ekran işinin çəkilişləri yaxın zamanda başlayacaq.

Hikmət Rəhimov “Apatiya” filminin ikinci hissəsini çəkib. Ekran işinin ssenaristi Elvin Paşadır. Filmdə rollarda Tural Baxış, Şəhla Əliqızı, Azər Aydəmir və başqaları rol alıb.

Könül