Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Roza Zərgərlinin oğlu ilə Mehriban Ələkbərzadə arasında qalmaqal: "O, aktyorları təhqir edir"

Aktyor, müğənni Roza Zərgərlinin övladığa götürüb, böyütdüyü Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb.

TNS xəbər verir ki, Corc bu haqda sosial mediada özü açıqlama yayıb. O bildirib ki, iş yerindən ayrılmasına səbəb teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub.

“Yazırlar ki, mən roldan imtina etmişəm, Mehriban Ələkbərzadə də məni işdən azad edib. Məsələ belə olmayıb. Azərbaycan teatrının vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.

Teatrda "Əsrə bərabər gün" tamaşası quruldu, verilən obrazı götürdüm. Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 700, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı “sıfırsan, kobudsan, kötüksən”, - dedi. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram, özümü məcbur hiss edirəm.

Mehriban Ələkbərzadənin “Cəhənnəmə, gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx”, - sözlərindən sonra işdən çıxdım”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə isə Corc Qafarovun iddiaları ilə bağlı TNS-ə bunları deyib: "Qalmaqallara cavab vermirəm. Onlara işimlə cavab verirəm. Qərəzlidirlər. Onların qərəzi işlə bağlıdır. 6 ay qabaq olan məsələləri indi qaldırırlar. Ölkəsini tərk edib getmişlərin, ölkəsinə vətəndaşlıq edə bilməyənlərin cavabını işimlə verirəm".

Mehriban Ələkbərzadə onu da bildirib ki, o, teatrın uğur qazanması üçün çalışır: "İlk dəfə idi ki, teatr komandası Sankt-Peterburqa – Aleksandrinski Teatrına gedirdi. Bu, Azərbaycan teatr tarixində ilkdir. Biz Hüseyn Cavid yaradıcılığını Rusiyaya apardıq. Klassik yazarımızın tanınmasına xidmət edən addım idi. İki gün premiyera anşlaqla keçdi. Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin çox gözəl rəy verdi. Biz Azərbaycan teatrının tanıtımını etdik. Son 40 ildə belə bir hadisə olmamışdı. Bu, uğurlu bir hadisədir. Akademik Milli Dram Teatrı olaraq Azərbaycan mədəniyyətinə töhfə verdik".

Könül