Close

09:06
07 İyul 2024

“Arşın mal alan”ın “Telli”sinin doğum günüdür

Tamaşaçılar unudulmaz sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanı daha çox “Arşın mal alan” filmindəki Telli obrazından tanıyır. Bu rol sənətkarın yaradıcılığında çox böyük yer tutub.

Bu gün Azərbaycanın gözəl sənətkarının doğum günüdür.

TNS xatırladır ki, Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub. Deyilənə görə, hələ uşaq vaxtlarından ətrafdakı insanları səsinin məlahəti ilə ovsunlaya bilib.

Fatma Mehrəliyeva uşaqlıqdan çox çətinlik görüb. 3-4 yaşlarında olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik kəndində yaşayan xalası himayə edib.

Orta məktəbdə tədris olunan nəğmə dərslərində fəallıq göstərdiyinə görə müəllimləri balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı Fatmanın ifası dahi Üzeyir bəyin diqqətini çəkir. Bundan sonra Fatma böyük bəstəkarın himayəsinə keçir.

Ondan atalıq qayğısı görən Fatma bir müddət onların evində qalır. Bəstəkar istedadlı qızın yaxşı musiqi təhsili alması, muğamları mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradır.

Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanır.

O, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan "Arşın mal alan" filmində “Telli” roluna çəkilir. Bu obraz sənətkarın yaradıcılığında böyük rol oynayır.

Musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfəsini verib.

Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülən sənətkar 2000-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.

Aygün