Close

Ağdam Dövlət Dram Teatrının direktoru: “Bir nömrəli problemimiz...”

Martın 27-si Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

TNS-in bölgə müxbiri Beynəlxalq Teatr Günündə Ağdam Dövlət Dram Teatrına baş çəkib.

teatr1

Məlumat üçün bildirək ki, Ağdam Dövlət Dram Teatrı çox zəngin yaradıcılıq ənənələri olan müəssisələrdən biridir. Teatrda ilk tamaşa ötən əsrin əvvəlində - 1910-cu ildə səhnəyə qoyulub. 1923-cü ilə qədər ictimai əsaslarla fəaliyyət göstərən teatra həmin il Dövlət teatrı statusu verilib. 1949-cu ildə bir çox bölgədə teatrların fəaliyyəti dayandırılıb, o cümlədən Ağdam Dövlət Teatrının.

teatr2

Ondan sonra müəssisə xalq teatrı kimi fəaliyyət göstərib. Bu gün Azərbaycan səhnəsinin tanınmış sənətkarları Ağdam Xalq Teatrında rollar ifa ediblər.

Teatrın direktoru Məhəmməd Hüseynov əməkdaşımızla söhbətində bildirib ki, 1968-ci ildə Mingəçevir və Sumqayıt şəhərlərində Dövlət Dram teatrlarının açılması, Ağdam Dövlət Dram Teatrının fəliyyətinin bərpa edilməsi haqqında qərar qəbul edilib: “1969-cu ilin martından teatr yenidən fəaliyyətə başlayıb. 70-ci illər Ağdam Dövlət Dram Teatrının “qızıl” dövrü sayılır. Böyük rejissor heyəti işləyib burada. Sonra məlum məsələlərdən dolayı Ağdam Dram Teatrı Bərdə şəhərində məskunlaşmağa məcbur oldu. Yaradıcı heyətin üzvləri respublikanın müxtəlif yerlərində yaşamaq, teatrı tərk etmək məcburiyyətində qaldılar. Teatr Bərdə şəhərində yararsız bir binada fəaliyyət göstərirdi. Amma bir gün də fəaliyyəti dayanmadı. Yeni gənclər cəlb olundu. Bu gün teatrın baş rejissoru Kərim Həsənov həmin vaxtlar teatra gəlmiş istedadlı gənclərdən biridir. Həmin gənclər bu gün Ağdam teatrını yaşadırlar. 2011-ci ildə Quzanlı qəsəbəsində Mədəniyyət sarayı əsaslı təmir olunandan sonra Ağdam Dram Teatrının ixtiyarına verildi. Həmin vaxtdan da bu günə kimi tam normal fəaliyyət göstəririk. Bu gün bizim çox zəngin vəsaitlərimiz, maddi-texniki bazamız var. Lazım olan bütün texniki avadanlıqlara sahibik. İşıq effektlərindən tutmuş səs effektlərinə, səsyazma aparatlarına qədər hər şeyimiz var”.

teatr4

Teatrın direktoru deyib ki, teatrın özünün heç bir problemi yoxdur: “Dediyim kimi, tamaşalar hazırlamaq üçün bütün texniki avadanlıqlarımız, istedadlı yaradıcı heyətimiz var. Artıq teatr normal qaydada fəaliyyət göstərir. Bizim bir nömrəli problemimiz tamaşaçı azlığıdır. 

teatr3

Ümumilikdə 79,5 ştatımız var. Maaşlar dövlət tərəfindən ödənilir. Ancaq bəzi tamaşaların xərcini teatr özü qarşılamalıdır. Bunun üçün də tamaşaçı sayımızın çox olması vacibdir. Bilet nə qədər çox alınsa, teatrın gəliri də artar, bu, xərcləri ödəyər”.

Ziya Əmirxanlı