“Atabəylər: Şəmsəddin Eldəniz” serialının istehsalı niyə gecikir?

AzTV-də tizeri yayımlanan və ilk mövsümü “Atabəylər: Şəmsəddin Eldəniz” adlanan serialın istehsalı müəyyən səbəblərdən gecikir.
Bu barədə TNS-ə serialın layihə rəhbəri Sərvər Bayramov məlumat verib.
O bildirib ki, hazırda layihə ilə bağlı ön hazırlıqlar davam edir: “Serialın istehsalına nə zaman başlancağına cavab verməkdə çətinlik çəkirəm. Çünki bu, tam bizdən asılı deyil. Burada ciddi dəstəyə ehtiyac var. 44 bölümdən ibarət və iki televizya mövsümünü əhatə edən böyük tarixi serialdan söhbət gedir. Böyük məsuliyyət, gərgin zəhmət və ciddi maliyyə resursu tələb olunur. Bu baxımdan fundamental hazırlıqlara ehtiyac var. Təbii ki, biz - yəni yaradıcı heyət bütün imkanlarımızı səfərbər etmişik. Orta əsrlər Azərbaycan tarixi ilə bağlı geyim, memarlıq, silah-sursat, müxtəlif aksesuarlar baxımından demək olar ki, geniş auditoriya üçün yeni standartlar formalaşdıracaq bir layihədən söhbət gedir”.
Sərvər Bayramov serialın çəkilişlərinin əsasən qapalı və açıq pavilyonlarda, Bakı ətrafında və Şamaxı rayonu ərazisində nəzərdə tutulduğunu deyib.
Yeni ekran işində hansı aktyorların rol alacağını açıqlamasa da, layihə rəhbəri artıq kastinq (seçim) aparıldığını, aktyorlar və yaradıcı heyət arasında Türkiyədən dəvət alanların olduğunu da qeyd edib.
Aygün İbrahimli