Qaçaq Nəbi ilə bağlı o məlumat niyə gizlədilib? – Nəbinin nəvəsi gəldi, sirrin üstü açıldı
Bu günlərdə Qaçaq Nəbi və Həcərin uzun illər Avstraliyada yaşayan nəticəsi Mehmet Elturan Azərbaycana gəlib. M.Elturan AzTV-nin əməkdaşları ilə Qubadlı rayonuna üz tutaraq ulu baba və nənəsinin qəbrini ziyarət edib.
Xatırladaq ki, Qaçaq Nəbi “Atları yəhərləyin” (digər adı “Qanlı zəmi” red.) filmində sonsuz şəxs kimi qələmə verilib. Hətta bu səhnə filmdə öz əksini təsirli formada tapıb. Azərbaycan ictimaiyyətində belə bir rəy formalaşıb ki, Qaçaq Nəbi və xanımı Həcərin övladı olmayıb. Maraqlıdır, onların sonsuz göstərilməsinə səbəb nədir?
TNS xəbər verir ki, mövzu ilə Globalinfo.az-a açıqlama verən “Qanlı Zəmi” filminin rejissorlarından olan Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, bədii filmdə obrazlar, tarix bir az dəyişdirilib:
"Əslinə qalsa, o vaxt Nəbini öz yaxın dostu satıb, kənddən çıxan zaman tövlədə öldürüblər. Düzü, “qaçaq” sözü ən nifrət etdiyim sözlərdəndir. Çünki öz azadlığı, müstəqilliyi, torpağı, Vətəni, namusu, qeyrəti üstündə vuruşanlar qaçaq yox, xalq qisasçıları olurlar. Ona görə də, “qaçaq” sözünə qarşıyam.
Filmdə Nəbinin timsalında milli azadlıq hərəkatının simvolunu göstərmişəm. Fikir versəniz, hamısı ağ geyimdədirlər. Bu isə kəfən mənasındadır. Çünki əli əkində, biçində olan insanları lənətə gəlmiş ideologiya qanına qəltan edir. Məsələ də budur. Nə vaxta qədər öz tarixi qəhrəmanlarımızı hansısa rus bolşevik, içimizdə olan satqınların əli ilə alçaldıb, təhqir edəcəyik? Axı niyə?!”
Xalq artisti deyib ki, filmdə söhbət yalnız qaçaqlıq dövründəki mərhələdən gedir:
"Nəbinin ailə məsələsi o qədər də önə çıxarılmır. Hər kəs bilir ki, Həcər xanımla ailə qurur və övladları olur. Bizim üçün bu, maraqlı deyil, tarixi şəxsiyyətin gördüyü tarixi işlər maraqlıdır. İndi illər sonra Nəbinin nəticəsi gəlib. Mən öz qızıma belə Həcərin adını vermişəm. Nəbinin yaxınları yarısı Orta Asiya, yarısı isə Türkiyəyə köçüb".
Şeyx Əbdül deyib ki, filmdə olan İranla bağlı epizodu çətinliklə qoruyub saxlaya bilib:
"Qaçaq Nəbi" və "Doğma sahillər" filmindəki İran məsələsinə görə bəzi vəzifə sahibləri bu gün də mənə qarşıdırlar. Azərbaycan yeganə dövlətdir ki, dörd tərəfdən də öz doğma torpaqları ilə həmsərhəddir. Bunun da günahı bilavasitə özümüzdədir.
Allah rəhmət eləsin Süleyman Rəhimova, Süleyman Rüstəmə, İmran Qasımova, Rəşid Behbudov və digər bu işdə bizə dəstək olanlara. Onlar məsələyə qarışmasaydılar, İran epizoduna görə filmi bağlayırdılar. Amma təəssüf ki, bəzi epizodları çıxardılar. Bir sözlə, ocağımızın başında satqınlar olub”.