Təcrid olunmuş qəbiləyə kola verən turist həbs edildi

Hindistanın Andaman adalarında yerləşən Şimali Sentinel adasında təcrid olunmuş qəbiləyə “hədiyyə” olaraq kola verən 24 yaşlı ABŞ vətəndaşı Mixaylo Viktoroviç Polyakov həbs edilib.
TNS xarici mediaya istinadən xəbər verir ki, Polyakov martın 26-da bölgəyə gəlib və martın 29-da səhər saatlarında Şimali Sentinel adasına yola düşüb.
O, GPS ilə 40 kilometr məsafəni qət edərək, saat 10:00-da qadağan olunmuş adaya çatıb və qəbilə üçün hədiyyə olaraq bir qutu kola və kokos qoyub.
O, həmçinin ərazidən nümunələr toplayıb və şəkillər çəkib.
Vəziyyəti görən yerli balıqçılar polisə xəbər veriblər. Hindistan polisi turisti həbs edib, onun qayığı və fotoaparatı müsadirə edilib.
"Survival International" yerli hüquq təşkilatının direktoru Kralin Pirs bildirib ki, Polyakovun hərəkətləri son dərəcə təhlükəlidir. Sentinel qəbiləsinin müasir dünyanın xəstəliklərinə qarşı immuniteti yoxdur. Qrip və ya qızılca kimi bizim üçün sadə bir xəstəlik bütün bir qəbilənin məhvinə səbəb ola bilər.