"Qışı insanın üzündən gülüş götürür”

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil.
TNS Gülüş Gününün tarixi ilə bağlı məlumatı təqdim edir:
Bu tarix 500 il əvvəl Fransada qeyd olunmağa başlayıb. O vaxtadək fransızlar Yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı Yeni ilin yanvarın 1-də qeyd olunması barədə fərman verir. Bu qırardan narazı qalan xalq etirazlarını bildirmək üçün müxtəlif tədbirlər keçirirlər. Camaat kralın adamlarını lağa qoyur, onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırlar.
Xalqın bu etirazı və keçirdiyi tədbirlər kral qərarını dəyişmir.
Aradan illər keçir, xalq yavaş-yavaş Yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşir. Bununla belə, 1 apreli də unutmurlar. Həmin gündəki zarafatları yada salıb, 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara alırlar.
Tezliklə bu ənənə bütün dünyaya yayılır. Həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.
Maraqlıdır ki, bu tarix fransızlardan əvvəl qədim Romada da qeyd olunub. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.
Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdi.
Hazırda Gülüş Gününün qeyd olunması insanların həyatlarını gülüşsüz təsəvvür etməmələri ilə əlaqələndirilir. “Gülüş bir Günəşdir, qışı insanın üzündən götürür”, - deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir.