Psixoloqun ölümə sürüklədiyi xəstə: elm və etika arasındakı səhv

20-ci əsrin ən mübahisəli psixoloqlarından biri olan Con Mani cinsiyyət kimliyinin formalaşması ilə bağlı apardığı araşdırmalarla tanınır.
O, cinsiyyətin əsasən sosial mühit və tərbiyə nəticəsində formalaşdığını iddia edirdi. Lakin onun bu nəzəriyyəsi və tətbiqləri Deyvid Reymer hadisəsi ilə dərin etik və tibbi suallar doğurdu.
TNS xarici mənbələrdəki araşdırma materiallarından əldə etdiyi məlumatları təqdim edir.
Bryus (Deyvid) Reymer 1965-ci ildə Kanadada dünyaya gəlmişdir. Onun eyni yumurtadan olan Briyan adlı əkiz qardaşı var idi. 8 aylıq olarkən hər iki qardaşa fimoz diaqnozu qoyuldu və həkimlər sünnət əməliyyatı tövsiyə etdilər. Deyvidin sünnət əməliyyatı son dərəcə uğursuz oldu və onun cinsiyyət orqanı ağır zədələndi.
Valideynlər çıxış yolu axtararaq Cons Hopkins Xəstəxanasında çalışan və cinsiyyət kimliyi sahəsində tanınmış psixoloq Con Mani ilə əlaqə saxladılar. Mani cinsiyyətin əsasən sosial mühit vasitəsilə formalaşdığına inandığı üçün Deyvidin qız kimi böyüdülməsini və cinsiyyət dəyişdirmə əməliyyatı keçirilməsini tövsiyə etdi. Valideynlər həkimə etibar etdilər və Deyvidi əməliyyat etdirdilər. Ona Brenda adı verildi və qız kimi böyüdülməyə başlandı.
Con Mani bu hadisəni cinsiyyətin sosial öyrənmə yolu ilə formalaşmasını sübut edən bir nümunə kimi təqdim etdi. O, Deyvidin (Brenda kimi) yeni cinsiyyətinə uyğunlaşdığını iddia edərək, tədqiqatlarını elmi jurnallarda yayımladı və öz nəzəriyyəsini gücləndirirdi. Lakin reallıq tamamilə fərqli idi.
Brenda heç vaxt özünü qız kimi hiss etmədi. O, ağır depressiya, kimlik böhranı və sosial problemlər yaşadı.
14 yaşına çatdıqda valideynləri ona həqiqəti açıqladı. Bu həqiqəti öyrəndikdən sonra əkizlərin hər ikisinin də həyatı məhv oldu. Bu sarsıntı Deyvidin qardaşının 2002-ci ildə yüksək doza antidepressantdan ölümünə səbəb oldu. Səhv etdiyini anlayan Deyvidin anası iki dəfə intihara cəhd etdi, atası isə spirtli içkiyə qurşandı.
Bu məlumatı öyrəndikdən sonra, o, yenidən Deyvid adını aldı, tibbi prosedurlar keçirdi və kişi kimi yaşamağa başladı. Bir müddət sonra evləndi. Evləndiyi qadının uşaqlarına atalıq etməyə başladı. Lakin yaşadığı psixoloji travmalar onu tərk etmədi. Həyat yoldaşı ondan ayrıldı, işsiz qaldı, əkiz qardaşının ölümü ilə də həyatdan tamamilə uzaqlaşdı. 2004-cü ildə, 38 yaşında olarkən, Deyvid Reymer intihar edərək həyatına son qoydu.
Beləliklə o, Bryus kimi doğuldu, Brenda kimi yaşadı və Deyvid kimi öldü.
Deyvid Reymer hadisəsi, cinsiyyət kimliyinin formalaşması ilə bağlı fundamental suallar doğurdu və bioloji faktorların sosial tərbiyədən daha əhəmiyyətli olduğunu göstərdi.
Con Maninin nəzəriyyələri real həyat təcrübələri ilə təkzib edildi. Bu hadisə psixologiya və tibbdə etik qaydaların nə qədər əhəmiyyətli olduğunu sübut etdi.
Deyvid Reymerin faciəsi, elm və tibbin insan həyatına təsirinin necə ehtiyatla idarə olunmalı olduğunu xatırladan bir nümunə olaraq tarixdə qalacaq.
Zarufa