Martın son bazar günü- Bəzi ölkələr bundan niyə imtina edib?

Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü saatlar bir saat irəli çəkilərək yay vaxtına girilir. Son 10 ildə Türkiyə, Azərbaycan, Suriya, Rusiya və İran da daxil olmaqla bir çox ölkə müxtəlif səbəblərdən yay vaxtına keçməkdən imtina edib.
Bütün dünyada yay vaxtına keçidin faydaları və mənfi cəhətləri müzakirə olunmağa davam edərkən, ölkələrin ondan imtina etməsinin səbəbləri də geniş araşdırılır.
TNS xarici mediaya istinadən mövzu ilə bağlı bir sıra araşdırmaları təqdim edir.
“Pew” Araşdırma Mərkəzinin 2023-cü ildə apardığı təhlil nəticəsində məlum olub ki, ölkələrin yarısı əvvəllər saatlarını dəyişdirirdisə, indi bu rəqəm üçdə birinə düşüb.
Demək olar ki, bütün ABŞ, Avropanın əksər hissəsi, Kanada, Avstraliya, Latın Amerikası və Karib hövzəsinin çox hissəsi bu təcrübəni davam etdirir.
ABŞ Prezidenti Donald Tramp 2024-cü ilin dekabrında yüksək xərc və problem səbəbiylə yay vaxtına son qoyacağını açıqlasa da, məsələ ilə bağlı hələ qərar vermədiyini bildirib.
Sağlamlıq riskləri
ABŞ-nin Nyu Meksiko Dövlət Universitetinin ictimai səhiyyə professoru Jaqdiş Xubçandani deyir ki, yuxu problemlərindən tutmuş infarkta qədər bir çox sağlamlıq probleminin saat dəyişikliyi ilə birlikdə artdığını göstərən tədqiqatlar var.
“Zaman dəyişikliyi sirkadiyalı ritmə təsir edir. Sirkadiyalı ritmin pozulması da xəstəliklərlə əlaqələndirilir”,- professor qeyd edib.
Amerika Yuxu Tibbi Akademiyasının (AASP) tədqiqatçıları da 2020-ci ildə yazdıqları məqalədə vaxt dəyişikliklərinin zərərli olduğunu iddia ediblər. Bu zərərlərə piylənmə, qan dövranı sisteminin pozğunluqları və depressiya daxildir.
Dəyişikliyin baş verdiyi saat qurşağının qərb hissəsində yaşayanlar üçün bu zərərlər daha qabarıq görünür.
Təhlükəsizlik riskləri
Vaxt dəyişiklikləri həmçinin ölümlə nəticələnən yol-nəqliyyat hadisələri, iş yerlərində baş verən qəzalar, cərrahi səhvlər və ümumi ölüm hallarının artması ilə əlaqələndirilir.
2018-ci ildə İspaniyalı tədqiqatçılar 1990-2014-cü illər arasında ölkədəki şəhər hökumətlərinin məlumatlarını araşdırıb və müəyyən ediblər ki, ölümlə nəticələnən yol qəzaları saatların əqrəbləri irəli çəkildiyi gün 30 %, geri çəkildiyi gün isə 16 % artıb.
ABŞ-də aparılan bir araşdırma, saatların irəli çəkilməsindən sonra bazar ertəsi iş yerlərində qəzaların 6 % artdığını göstərib.
Müxtəlif beynəlxalq araşdırmalara görə, saatların əqrəbləri irəli çəkildikdə infarktlarda 4-29 %, iflicdə 8 %, birqütblü depressiyada isə 11 % artım müşahidə olunub. Depressiya hallarının sayının normal səviyyəyə düşməsi 10 həftə çəkib.
Enerji istifadəsi
Yay vaxtı çox zaman enerji qənaəti ilə əlaqələndirilir. Ancaq bu mövzuda aparılan araşdırmalar dəqiq nəticənin olmadığını göstərir. ABŞ-də hazırlanan bir hesabatda 0,5 % enerji qənaəti, digər bir hesabatda isə 4 % enerji artımı aşkar edilib.
ABŞ-nin Arizona ştatı enerjiyə qənaət etmək üçün yay vaxtına son qoyub. 1967-ci ildə yay vaxtına keçidi tətbiq edən dövlət, axşamlar işdən evə qayıdan insanların kondisionerdən daha çox istifadə etdiyini aşkar etdikdən sonra həmin il ondan imtina edib.
2018-ci ildə Avropa Komissiyası yay vaxtına keçidi dayandırmağı təklif edib, Avropa Şurası buna qarşı çıxıb. Aİ Parlamentinin səsverməsində yay vaxtına son qoyulmasına dair qərar verilsə də, bunun həyata keçirilməsi üçün Şura və Parlamentin razılığa gəlməsi lazımdır. Belə bir kompromis hələ baş verməyib.
Bu il Trampın kabinetində dövlət katibi olan Marko Rubio Florida senatoru olarkən 2023-cü ilin martında təqdim etdiyi qanun layihəsində yay vaxtına keçidin daimi olmasını təklif edib.
Bu, ölkənin saat qurşağının bir saat irəli çəkilməsi deməkdir.
Qeyd edək ki, hər il oktyabrın son bazar günü qış vaxtına, martın son bazar günü isə yay vaxtına keçilir. Dünyada saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada irəli çəkilib.