Yuxuların sirri: onlar bizə nə deyir?

Yuxular qədim zamanlardan bəri insanları maraqlandıran və sirrini tam açmaq mümkün olmayan bir fenomen olub. Bəzi insanlar yuxuların gələcək hadisələr haqqında ipucu verdiyinə inanır, digərləri isə bunun sadəcə beynin şüursuz fəaliyyətinin bir hissəsi olduğunu düşünür.
Bəs elm və psixologiya bu barədə nə deyir?
TNS bununla bağlı material hazırlayıb.
Bildirilir ki, yuxular əsasən, REM (Rapid Eye Movement – sürətli göz hərəkəti) fazasında meydana gəlir. Bu, beynin ən aktiv olduğu yuxu mərhələsidir. Həmin vaxt insan bəzən gerçək kimi hiss olunan mürəkkəb və emosional yuxular görür.
Alimlər fikrincə, yuxular:
- Gün ərzində yaşadıqlarımızın beyində emal olunmasıdır.
- Stress və duyğuların işlənməsinə kömək edir.
- Beynin yaradıcı tərəfini gücləndirir.
Yuxuların mənası ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur:
Psixoanalizin banisi Ziqmund Freyd yuxuların şüuraltı arzular və qorxuların simvolik ifadəsi olduğunu iddia edirdi. Onun fikrincə, yuxular insanın daxili istəklərini ortaya çıxarır.
Karl Yunq isə yuxuların fərdi və kollektiv şüuraltının bir parçası olduğunu düşünürdü. Onun fikrincə, yuxularda arxetiplər (ümumbəşəri simvollar) var və onlar insanın həyat yolunu anlamağa kömək edə bilər.
Müasir nevrologiya və yuxular
Müasir alimlər yuxuların əsas funksiyasının beyində informasiyanın işlənməsi və yaddaşın möhkəmləndirilməsi olduğunu bildirirlər.
Ən çox rast gəlinən yuxular və onların izahı
Bəzi yuxular insanlar arasında ümumi olur. Onların psixoloji mənasını aşağıdakı kimi izah edirlər:
Düşmək – Qorxu, nəzarəti itirmək hissi.
Uçmaq – Azadlıq, uğur və ya stresdən qurtulma.
Dişlərin tökülməsi – Narahatlıq, güvən itkisi.
Kimdənsə qaçmaq – Həyatdakı problemlərdən qaçma istəyi.
İmtahan vermək – Özü-özünü sınamaq, daxili gərginlik.
Yuxular gələcəyi göstərə bilərmi?
Tarixdə bəzi insanlar yuxularında gələcək hadisələri gördüklərini iddia ediblər. Məsələn, ABŞ Prezidenti Avraam Linkolnun öz ölümünü yuxuda gördüyü deyilir. Elm adamları isə bunu təsadüfi uyğunluq və ya insanın şüuraltında hiss etdiyi məlumatların yuxulara təsiri kimi izah edirlər.
Yuxular sirli və maraqlı bir aləmdir. Onlar beynimizin dərinliklərində gizlənən qorxuları, arzuları və xatirələri əks etdirə bilər. Hər nə qədər tam sirri açılmasa da, yuxuların insan psixologiyasına və gündəlik həyatımıza təsiri danılmazdır.
Zarufa