Close

14:23
22 Fevral 2025

"Kubinka"da satılan “Christian Dior”un 50 il sonra ortaya çıxan sirri

“1968-ci ildə Moskva Dövlət Universitetinin Sonya adlı tələbəsi ailə qurmağa hazırlaşır. O dövrdə elit ailələrdə brend geyimlər geyinmək dəb idi və bunların əldə edilməsi çox çətinliklə mümkün idi. Sovetlərin bütün iri şəhərlərində çox nadir halda dünya brendlərinin geyimlərini tapmaq üçün geniş əlaqələr lazım idi”.

TNS xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.

O qeyd edib ki, çox imkanlı ailənin qızı olan Sonya dövrün məhşur brendi sayılan “Christian Dior” markasının Bricit Bordonun filmdə geyindiyi ağ tuflilərdən istəyirdi.

“Bütün şəhərlərə xəbər salınandan sonra buna deyirlər ki, ancaq Bakıda, “Kubinka” adlanan yerdə tapmaq mümkündür.

O illərdə Bakıda “Kubinka” bazarı vardı. Qabaqlar orda yaxşı alver gedirdi, kim nə istəyirdi, həmin bazardan tapırdı. Elə ona görə də buraya “Kubinka” deyirdilər.

Sonya təcili nişanlısı ilə Bakıya gəlir, qohumları bunları görməyə gələndə burada yaşayan Motya adlı əmisi ona üzərində “CD” yazılan 36 ölçü ayaqqabını qıza hədiyyə edir və deyir ki, “Kubinka” bazarından alıb. CD insialı isə “Christian Dior” deməkdir.

Qız xoşbəxt halda Moskvaya qayıdır, toy olur və bu bahalı tufli nəsildən nəslə keçir. Hər dəfə həmin nəsildən olan gənc ailə quranda onu geyinirdi.

Ailənin nəvələri Amerikaya köçür və 2018-ci ildə orada toya hazırlaşır. Ailə köhnələn tuflini təmir etmək üçün Nyu-Yorkda 80 yaşlı pinəçinin yanına gedir. Pinəçi tufliyə baxır, təmir edir, qaytaranda deyir ki, bu, orjinal “Christian Dior” deyil.

Qız təccüblənir, bunu haradan bildiyini soruşur.

“Qızım, mən 1989-cu ilə qədər Bakıda yaşamışam, ayaqqabı ustası olmuşam. Özüm yəhudiyəm. Sərhədlər açılan kimi doğma Bakını tərk edib, Nyu-Yorka köçmüşəm və hazırda da burada sevdiyim işi davam etdirirəm. O dövrdə mən belə ayaqqabıların eynisini yaradırdım və yaxşıça qazanırdım. Tufli üzərində olan “CD” əslində “Christian Dior” deyil, mənim insiallarımdır - Cavik Dayselman”, - deyə yaşlı pinəçi cavab verir.