Ataları bayrağımızı, övladları adımızı ucaltdı - UĞURLU GƏNCLƏR
Məlum olduğu kimi, Azərbaycanda 2 Fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Həmin gün 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub.
TNS bu günlə bağlı olaraq, müxtəlif sahələrdə uğur qazanmış şəhid övladları olan bəzi gənclər barədə məlumatı təqdim edir:
Şəhid general Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinjn Müalicə - profilaktika fakültəsinin 4-cü kurs tələbəsidir. O, ötən il Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilərək "Brend tələbə" mükafatını qazanmışdı.
Ötən il Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr məzunu, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini uğurla başa vurub. O, Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bu ali təhsil müəssəsinə qəbul olunmuşdu.
Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən (637,80 bal) şəhid pilot, polkovnik-leytenant Fəxrəddin Əsgərovun qızı Zəhra Əsgərova ADA Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. O, universitetdə fəal və məhsuldar tələbə kimi seçilir. Bir sıra bilik yarışlarının qalibi olan Zəhra İT sahəsində böyük uğurlar qazanmaq niyyətindədir.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, hər il 2 fevral Gənclər günü münasibətilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatları verilir.