Vanqanın 2025-ci il kəhanəti – İnsanları təşvişə salmaq…
Görücü Vanqanın 2025-ci il üçün bürclər üzrə kəhanətlərinin açıqlandığı iddia olunur.
Bildirilir ki, Vanqa 2025-ci ildə on iki bürcün hamısının “həqiqət anları ilə qarşılaşacağı bir dəyişiklik ili” olacağını söyləyib. "Həqiqət anları" nədir? 2025-ci ildə bütün bürcləri gözləyən hansı sınaqlar var?
Sözügedən məsələ ilə bağlı TNS-ə açıqlama verən astroloq Səbuhi Rəhimli bildirib ki, Vanqanın astrologiya haqqında ümumiyyətlə anlayışı olmayıb.
Astroloq Vanqanı savadsız bir adam adlandırıb: "Necə ki, bu gün Zirəddin Rzayevin də adından yalandan aylıq proqnozlar yayırlar. Yalan başlıq qoyurlar ki, üç bürc pulun içində üzəcək. Halbuki Zirəddin Rzayev özü şəxsən açıqlama verib ki, ümumiyyətlə, astrologiya ilə məşğul deyil. Filan həqiqət anları nə deməkdir? Ümumiyyətlə, bürc aləmi haqqında Vanqanın savadı olmayıb. İdeoloji silah kimi dünyanın siyasət dəllalları Nostradamusun və Vanqanın adından istifadə edirlər. Fikir verin, onların adından daha çox bədbin şeylər, motivasiyanı aşağı salan fikirlər səsləndirirlər. Çünki insanlar nə qədər çox qorxuda olsa, təşviş keçirsə, bir o qədər onları idarə eləmək asandır. Mən desəm, dünya dağılmayacaq, 2025-də dünya müharibəsi olmayacaq, heç kim inanmayacaq. Amma Vanqa və ya Nostradamusun adından yalandan desələr ki, mart ayında dünya dağılacaq, yaxud da aprel ayında nüvə müharibəsi olacaq, bir çox insan buna inanacaq. Hansısa bir görücü 5-6 adama nəsə deyib, bu gün gəlib onun adından astrologiya haqqında məlumatlar yayırlar. Vanqa planetar konfiqurasiyanın yerə və olaylara təsiri mexanizmini necə bilərdi? Bu, sırf hesablamaya söykənən bir haldır. Mən məsələn, avqustdan hesablayıram. 25 ictimai, siyasi proqnoz vermişəm. Yəni, dediyim odur ki, bir proqnoz, varsa bunun hesablamaları aparılmalıdır".
Ayşən Azadova