İnternetdən istifadənin yaşlılar üçün FAYDASI
Honq Konq Universitetinin alimləri müəyyən ediblər ki, internetdən müntəzəm istifadə 50 yaşdan yuxarı insanların psixi sağlamlığını yaxşılaşdırmağa kömək edir.
TNS xəbər verir ki, bu barədə Nature Human Behavior (NHB) jurnalında məqalə dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 55 yaşdan yuxarı insanların təxminən 14%-i depressiyadan əziyyət çəkir. Bu fonda tədqiqatçılar psixi sağlamlığı dəstəkləmək üçün yeni, əlverişli yollar axtarırlar.
Ünsiyyət, məlumat və əyləncə imkanları təklif edən internet yaşlı insanların rifahının yaxşılaşdırılması üçün perspektivli vasitəyə çevrilib.
Alimlərin yeni işi 23 ölkədən 87 mindən çox insanı əhatə edən altı beynəlxalq tədqiqatın məlumatlarını birləşdirib. Yaşı 50 ilə 75 arasında dəyişən iştirakçılar internetdən istifadə ilə bağlı sualları cavablandırıb, onların psixi və fiziki sağlamlıqları qiymətləndirilib.
Nəticələr göstərib ki, internet istifadəçiləri özlərini daha çox xoşbəxt hiss edirlər və depressiyadan daha az əziyyət çəkirlər. İnternetdən istifadə edənlərin istifadə etməyənlərə nisbətən depressiya əlamətləri orta hesabla 0,09 bal aşağı və həyatdan məmnuniyyət dərəcəsi isə 0,07 bal daha yüksəkdir.
Hərəkət qabiliyyəti məhdud və ya aşağı sosial aktivliyi olan insanlar da internetdən istifadənin faydalarını qeyd ediblər.
Bununla belə, alimlər internetin təkcə müsbət deyil, həm də mənfi tərəflərini, məsələn, sosial şəbəkələrə aludəçilik və ya təsadüfən şok məzmuna baxmaq kimi cəhətləri də nəzərə almaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.