Yer kürəsi bu tarixdə yaşayış üçün yararsız hala düşəcək
250 milyon ildən sonra yer kürəsinin bütün qitələri vahid superqitədə birləşəcək, onun səthinin yalnız 8-16%-i məməlilərin mövcudluğu üçün əlverişli olacaq.
TNS xəbər verir ki, bu barədə Bristol Universitetinin alimlərinin “Nature Geoscience” jurnalında dərc olunan araşdırma nəticələrində bildirilib.
Alimlərin fikrincə, 250 milyon ildən sonra bütün qitələr “Panqea Ultima” adlanacaq vahid superkontinentdə birləşəcək. Planetin iqlimi əhəmiyyətli dəyişikliklərə məruz qalacaq. Qitələrin bu cür birləşməsi məməlilərin, o cümlədən insanların mövcudluğu üçün son dərəcə çətin şərait yaradacaq.
“Panqea Ultima”nın əsas hissəsi 40-50 dərəcə Selsi diapazonunda, bəzi ərazilərdə isə 70 dərəcəyə çatan temperaturla xarakterizə olunacaq. Bu, ona görə baş verəcək ki, qitələr okeanlardan uzaqda cəmləşəcək. Bundan əlavə, günəş aktivliyi 2,5% artacaq ki, bu da istiliyi yüksəldəcək. Atmosferdə karbon qazının səviyyəsini artıracaq vulkanik aktivlik baş verəcək.
Yer səthində əsasən sahilboyu ərazilər və qütblərdən ibarət 8-16% torpaq məməlilərin həyatı üçün uyğun olacaq.
Tədqiqatçılar hesab edirlər ki, bəşəriyyət yeni şəraitə uyğunlaşmaq və ya planetimizdən kənarda yeni yaşayış yerləri axtarmaq zərurəti ilə üzləşəcək.