Close

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.

Bu barədə TNS-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 2024 PT5 asteroidi avqustun 7-də Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib:

"Təxminən 10 metr uzunluğunda olan asteroid, sentyabrın 29-dan noyabrın 25-dək Yerin cazibəsinə düşərək onun mini peykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq".

Qeyd edilib ki, buna baxmayaraq, bu mini peykin mühüm elmi əhəmiyyəti var:

"Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Bu məlumatlar, gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzi asteroidlər bəzən Yerə çata bilir və onların ölçüləri həmişə belə kiçik olmur".