Close

"Telegram"da şəxsi yazışmalar barədə istifadəçiləri narahat edən yenilik

"Telegram"ın həmtəsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra platformanın təhlükəsizlik siyasətində gözlənilməz dəyişikliklərə imza atılıb. Belə ki, mesencerdə indi şəxsi söhbətlərin moderasiyasına başlanılacaq.

TNS-in verdiyi məlumata görə, bu barədə "TechCrunch" portalı xəbər yayıb.

Nəşrdə bildirilir ki, "Tez-tez verilən suallar" (FAQ) səhifəsindən şəxsi söhbətlərin moderasiya sorğularından qorunması haqqında məlumat silinib.

Bunun əvəzinə, rəhbərlik yenilik barədə elan edib və bütün "Telegram" tətbiqlərində qanunsuz məzmun haqqında moderatorlara məlumat vermək üçün "Şikayət et" düyməsinin yaradıldığını bildirib. Tərtibatçılar, həmçinin FAQ səhifəsində məzmunun silinməsi məqsədilə link əlavə edərək moderatorlara sorğu göndərmək üçün elektron poçt ünvanı təqdim ediblər.

Ancaq "Telegram"ın özündən moderasiya siyasətindəki dəyişikliklər barədə açıq şəkildə elan edilməyib.

Qeyd edək ki, yeniliklər "Telegram" istifadəçiləri arasında birmənalı qarşılanmayıb. İstifadəçilər bildiriblər ki, onların çoxu məhz məxfilik müdafiəçisi kimi reputasiyasına görə bu mesenceri seçib.

Moderasiyanın necə həyata keçiriləcəyi və "qanunsuz məzmun"un müəyyən edilməsi üçün hansı meyarlardan istifadə olunacağı hələlik aydın deyil.