Close

10:30
11 May 2025

Özünəməxsus enerjisi və gücü olan təbii daşların möcüzəvi faydaları

Adətən qiymətli daşlardan zinyət əşyaları kimi istifadə olunur. Tarix boyu bu cür gözqamaşdıran əşyalar dəbə uyğun olaraq formasını dəyişsə də, orqanizmə təsirini dəyişmir.

"AQAT Silver" Təbii Daşlar Evinin rəhbəri Aslan Abbaszadə TNS-ə təbii daşların insana təsiri, hazırlanması və istifadəsi ilə bağlı danışıb.

Onun sözlərinə görə, qiymətli daşlar haqqında düzgün məlumatı olan insanlar bu daşlardan təkcə zinyət əşyaları kimi istifadə etmir. Daşları faydasına görə seçənlərin sayı kifayət qədərdir: “Çünki insanlar bu daşlara böyük məbləğdə pul ödəyirlər. Bu, dünyanın hər yerində belədir. Axı bu daşlar sadə bijuteriya deyil ki, yalnız bəzək kimi istifadə edilsin. İnsanlar tarixən qiymətli daşlara böyük maraq göstərib, pul ödəyib və bu, indi də belədir. Keçmişə nisbətən indi daha gözəl və maraqlı daşlar tapılır. Eyni zamanda da müasir dövrdə daha bacarıqlı ustalar və yeni texnologiya olduğu üçün keçmişlə müqayisədə daha keyfiyyətli məhsullar hazırlanır. Təbii daşlar - mədənlərdən, dənizin dibindən, müxtəlif yerlərdən xammal şəkilində, cilasız formada tapılır. Sonra emalatxanalarda yuyulub təmizlənir. Bəzi hallarda həmin daşlar xüsusi dərmanlarla da yuyulur. Yəni, ustalar daşların vəziyyətinə görə onları cilalayırlar. Misal üçün boyunbağıları düzəltmək üçün daşları hissə-hissə bölüb cilalanmış vəziyyətə gətirirlər. Yaxud üzükləri də hazırlayarkən xüsusi bacarıqlar tələb olunur”.

das-1

Aslan Abbaszadə deyir ki, hansı formaya salınmasından asılı olmayaraq, daşlar insana enerji verir: “Xüsusilə təmizləmiş və cilalanmış daşların insan üçün faydası daha çoxdur. Lakin bəzi daşlar xammal şəklində daha effektli olur. Hər daşın öz enerjisi və gücü var. Ayrı-ayrılıqda hər daşın insan üçün öz faydası mövcuddur. Necəki, hər gülün özünəməxsus qoxusu var, eləcə də daşların özünəməxsus enerjisi ilə bərabər insan orqanizminə xeyiri var.

Əsəbə, stressə və yorğunluğa qarşı effektiv olan daşlar əsasən göy və bənövşəyi rəngdə olur. İnsanın pozitiv olması üçün və neqativ enerjini təmizləyən daşlar da var. Sarı rəngli daşlar insanda pozitivliyə və şən əhval-ruhiyyəyə səbəb olur. Mədə-bağırsaq problemlərinə qarşı faydası olan daşlar narıncı rəngli təbii daşlardır. Qan dövranına müsbət təsir edən, immuniteti gücləndirən daşlar da var”.

Mütəxəssis deyir ki, bu daşlardan istifadənin də özünəxas təsirləri olur.

das-2

“Əgər təbii daşlardan sağ biləyə və barmaqlara taxılmaqla istifadə edilərsə, bir cür, sol ələ taxılarsa, tamam başqa cür təsir edə bilər. Qan dövranını tənzimləyən daşlar sağ ələ taxılarsa, insanın təzyiqi yüksələ bilər. Sol ələ taxıldıqda isə təzyiq enir. Daşlardan mütləq düzgün istifadə etmək lazımdır. İnsanların səhhətinə uyğun olaraq, daşlardan faydalanmaq mümkündür. Bijuteriyalar, plasmas materiallardan hazırlanmış məhsullardan uzaq durmaq lazımdır. Süni materiallardan hazırlanan təsbeh və əşyaların insan orqanizminə çox zərəri var. Adətən, belə əşyalar şüaları öz üzərinə çəkir. Xüsusilə də bəzək əşyalarından gündəlik istifadə edən insanlar bu məsələlərdə diqqətli olmalıdır. Ucuz bijuteriyalardan imtina etmək sağlamlıq üçün zəruridir. Bütün süni maddələrdən uzaq durmaq lazımdır. Əvəzində isə təbii daşlardan istifadə olunmalıdır. Müasir dövrdə radiasiya ciddi problemlərdəndir. Hər kəs mobil telefon, kompüter, televizor və digər şüalı texnikalarla mütəmadi qaydada təmasda olur. Radiasiyalara qarşı effektiv təsiri olan təbii daşlar da var ki, onlardan istifadəni tövsiyə edirəm.

Yaşıl rəngli daşlar ürəyin fəaliyyəti üçün çox faydalı sayılır.  Qırmızı daşlar isə adətən insanlarda sevgi hissini və romantik duyğuları gücləndirir. Belə daşlar sevgi daşları adlanır. Təbii daşlardan istifadə edən hər kəs qısa zaman ərzində onların müsbət təsirlərini öz bədənlərində hiss edirlər”, - o bildirib.

Onun sözlərinə görə, təbii daşlara qulluq etmək əsas şərtlərdən biridir: “Daşları sevmək lazımdır. Təmiz axar suda yuyub paklaşdırdıqca daşlar da insanlara öz təsirini müsbət şəkildə geri qaytarır. Əgər daşlara xüsusi diqqət ayrılmazsa, o zaman onların effekti də olmur".

Bünyamin Bünyadzadə