Zəngin su və meşə ehtiyatına sahib, azərbaycanlılarla ermənilərin birlikdə yaşadığı dövlət

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünyanın müxtəlif ölkələri ilə diplomatik əlaqələr qurmağa başladı. Bu gün artıq 200-də artıq ölkə ilə diplomatik münasibətlər mövcuddur. Bu dövlətlərin arasında inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr var. Ölkəmizin diplomatik əlaqələri olan ölkələrin bəzilərinə sadə vətəndaşların gediş-gəlişində viza rejimi tətbiq olunur. Ancaq Azərbaycan vətəndaşlarına qarşılıqlı və təktərəfli qaydada vizasız səyahət imkanları yaradan ölkələr də az deyil.
TNS-in “Vizasız turist” rubrikasında bu ölkələr haqqında geniş məlumatlar yer alır.
Növbəti dayanacağımız Gürcüstandır.
Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci il tarixində başlayıb. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci, Azərbaycanın Gürcüstandakı səfirliyi 1996-cı ildən fəaliyyət göstərir. Həmçinin, Azərbaycanın Batumidə, Gürcüstanın Gəncədə Baş konsulluğu mövcuddur.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir.
Paytaxtı Tbilisi olan Gürcüstan ərazisinə görə dünyada 121-ci (69700 km²), əhalisinin sayına görə 117-ci (3 729 500 nəfər) yerdədir. Pul vahidi laridir.
Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, Şərqdə Azərbaycan, Cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir.
Ölkənin qərbində Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.
Gürcüstan qədim tarixə malik bir ölkədir. XIX əsrin əvvəlində Rusiyaya birləşdirilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olunub. 1991-ci ildə müstəqilliyini bərpa edib.
Gürcüstanın iqlimi coğrafi bölgələr üzrə dəyişkəndir. Qafqaz dağlarının soyuq şimal küləklərini və ölkənin Qara dənizdən gələn nəmli, isti bir hava axınının təsirində qalması iqlimin yumşaq və yağışlı olmasına imkan yaradır.
Qara dənizə yaxın Kolxida ovalığında isə astropikal iqlim özəllikləri görülür. Əsasən, payız və qış aylarında yağan yağışlar qərbdən şərqə doğru getdikcə azalır.
Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neft və daş kömürdür. Ölkənin əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir.
Təbii su ehtiyatları baxımından zəngin bir ölkə olan Gürcüstanda Böyük Qafqaz dağlarının buzlaqlarından qidalanan Bzibi, Kodori, İnquri, Tsxenitskali və Rioni çayları Qara dəniz hövzəsinə daxildir. Mənbəyi Türkiyədən başlayan Çorux çayı Batum yaxınlarında Qara dənizə, Kür isə Xəzər dənizinə tökülür. Kürün qolları olan Liaxvi, Çama, Tana, Tedzami, Araqvi, İori və Alazanidən əkin sahələrinin sulanmasında əhəmiyyətli yer tutur.
Cavaxetiya vulkanik yaylasında olan irili xırdalı bir neçə göl yağış və yeraltı su mənbələrindən qidalanır; bu göllərdə bol miqdarda forel ve sazan balıqları var.
Gürcüstan səth şəkilləri baxımından üç bölgəyə ayrılır.
1. Şimalda Böyük Qafqaz sıra dağlarının yerləşdiyi bölgə.
2. Cənubdakı Acara-İmereti. Trialeti, Borjomi-Bakuriani və Axalçixe dağlarının yerləşdiyi Kiçik Qafqaz kütləsindən yaranan bölgə.
3. Bu iki kütlə arasında ova və yaylaların yer aldığı Engebeli çöküntü bölgəsi.
Qərbdən şərqə doğru getdikcə yüksələn Böyük Qafqaz sıra dağları ölkəni Rusiya Federasiyasından ayırır. Ən yüksək zirvələri təşkil edən Şxara (5068 m), Kazbek (5047 m), Rustavi (4960 m), Tetnults (4852 m) və Uşba (4700 m) bu bölgədədir; cənubdakı Kiçik Qafqaz dağları daha alçaq olub yüksəklik Didi-Abuli doruğunda ancaq 3301 metrə qədər çıxır.
Torpaqlarının üçdə biri meşələrə örtülü olan ölkədə şam, ladin, meşə, şabalıd, ağcaqayın, küknar, dişbudaq ve ihlamur boldur.
Gürcüstan 2 muxtar respublikadan və 9 diyardan ibarətdir. Muxtar respublikalara Acarıstan və Abxaziya aiddir. Onların hər ikisi Sovet dövründə yaradılıb və müasır Gürcüstan Konstitutsiyası tərəfindən tanınır. Digər 9 region isə Quriya, İmeretiya, Kaxetiya, Yuxarı Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, Samtsxe-Cavaxeti, Aşağı Kartli regionlarıdır. Ümumi olaraq Gürcüstanda 72 rayon mövcuddur.
Gürcüstan aqrar-sənaye ölkəsidir. Yeyinti sənayesi məhsul istehsalına görə birinci yeri tutur. Onun tərkibində meyvə-tərəvəz konserv sənayesi həlledici rol oynayır.
Yüngül sənaye-yun, ipək, pambıq, parça, dəri ayaqqabı istehsalı ilə təmsil olunub.
Kimya sənayesi azot gübrələri, kimya əczaçılıq preparatları, kaprolaktam və sintetik liflər istehsal edir.
2015-ci ilin yanvar ayının 1-ə olan rəsmi məlumata əsasən, Gürcüstan əhalisi 3 729 500 nəfər təşkil edir (Abxaziyanın və Cənubi Osetiyanın əhalisi bu saya daxil deyil).
Əhalisinin sayına görə Gürcüstanda ən böyük şəhər 1.1 milyon əhalisi olan paytaxt Tbilisidir. İkinci böyük şəhər isə İmeretiya regionunda yerləşən 188.000 əhalisi olan Kutaisidir, lakin son illərdə Gürcüstanda şəhərlərin demək olar ki, hamısının əhalisi azalmaqdadır. 1989-cu ildə Tbilisi əhalisi 1.250.000 nəfər idi, həmçinin Kutaisinin əhalisi də həmin ildə 232.000 nəfər olsa da, 2009-cu ildə onun da əhalisi azalıb.
Milli tərkibə gəlincə, ölkədə gürcülərdən sonra ən çox azərbaycanlılar var (796 min nəfər). Sonrakı yerləri ermənilər (248 min nəfər), rus (38 min nəfər) tutur. Gürcüstan 30-a yaxın etnik yaşadığı bir ölkədir. Göründüyü kimi, Gürcüstanda azərbaycanlılarla ermənilər illərdir, birlikdə yaşayırlar.
Gürcüstanda ən populyar soyadları sırasının ilk onluğunda Məmmədov (19 min) və Əliyev (13 min) soyadları da var.
Ölkə əhalisinin 88, 58 faizini xristianlar, 9,92 faizini müsəlmanlar təşkil edir.