Ayda futbol matçı - Fantaziya və ya reallıq

Britaniya Mühəndislik və Texnologiya İnstitutunun alimlərinin geniş planları var - Ayda futbol matçı keçirmək.
TNS “Daily Mail”ə istinadən xəbər verir ki, onlar 2035-ci ildə bunun real olacağına inanırlar.
2025-ci ildə NASA astronavtlarının Yerin peykinə enməsi zamanı yeni kosmik əsr başlayacaq. Ayda kosmonavtların asudə vaxtlarında futbol matçları oynaya biləcəyi daimi bazanın yaradılması gözlənilir.
Lakin belə iddialı planları həyata keçirmək üçün hələ çox iş görülməlidir. Məsələn, xüsusi meydança yaradılmalıdır. Bunun üçün səthi hamarlayacaq lazerlərdən istifadə olunacaq. Üstəlik, oksigen çəni, rabitə sistemi və temperatur tənzimləyici qurğuların qurulacağı xüsusi kosmik kostyumlara ehtiyac var. Bundan əlavə, top dünyadakından iki dəfə böyük olmalıdır.
Həmçinin top qara və ağ rəngdə, içərisində isə aerojeldən hazırlanmış süngər dolğusu olacaq. Dünya futbolundan digər bir fərqi, matçın 10 dəqiqəlik 4 hissədən ibarət olacağıdır.