Niyə 1 milyondan çox sahibkar işləyə bilmir?- SƏBƏB AÇIQLANDI

Aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 1 milyon 425 min 167 mikro, kiçik və orta sahibkarlıq subyektləri qeydiyyata alınıb. İl ərzində fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı isə 401 min 149-dur. Fəaliyyətdə olan sahibkarlıq subyektlərinin 49,1 faizi Bakı şəhərində, 50,9 faizi isə digər regionlarda fəaliyyət göstərir.
Rəqəmləri iqtisadçı-alim, deputat Vüqar Bayramov açıqlayıb.
Qeydiyyatdan keçənlərlə fəaliyyətdə olanlar arasında ortaya çıxan ciddi fərq suallar doğurur. Mövcud rəqəmlər realdırsa, hansı səbəblərdən qeydiyyatdan keçən sahibkarlar fəaliyyət göstərmir?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməlidir: “Əgər doğrudan da ölkədə 1 milyon 425 min 167 sahibkarlıq subyekti qeydiyyatdan keçirsə, nə üçün onlardan cəmi 400 mindən bir az çoxu fəaliyyətdədir? Nə üçün 1 milyondan çox sahibkarlıq subyekti fəaliyyət göstərmir və yaxud göstərə bilmir. Bunlar ciddi suallardır. Müvafiq qurumlar bu suallara cavab versələr, yaxşı olar. Rəqəmlərdə kifayət qədər ciddi disproporsiya var. Bu məsələ ciddi araşdırma mövzusudur”.
Sahibkarların fəaliyyətinə mane olan amillərə gəlincə, deputat Vüqar Bayramov TNS-ə açıqlamasında deyib ki, qeydiyyatdan keçən sahibkarların hər birinin fəaliyyət göstərməməsi dünya ölkələrində də müşahidə edilən praktikadır.
O, ölkəmizdə sahibkarlıqla bağlı mövcud vəziyyətin bir çox səbəbləri olduğunu bildirib: “Sözsüz ki, qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin daha çoxunun fəaliyyət göstərməsinə nail olmaq yaxşı olardı. Çünki bu, həm sahibkarlıq subyektlərinin, eyni zamanda real sektorun inkişafı baxımından vacibdir. Səbəblər fərqlidir. Əsas səbəblərdən biri maliyyə resurslarına çıxış imkanlarının məhdud olması, kreditlərə çıxışda olan çətinliklərdir. Eyni zamanda, ixrac potensialının, ixracla bağlı standartların tətbiqində, əsasən kiçik və orta sahibkarlarla bağlı çağırışlardır. Amma, ən vacib məqam maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. Əgər qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları artarsa, bu, daha çox sahibkarlıq subyektinin fəaliyyət göstərməsinə imkan yarada bilər. Maliyyə kredit resurslarının cəlb edilməsi sahibkarlıq fəaliyyətinin genişlənməsi və iqtisadi inkişaf baxımından çox vacibdir”.
Aygün