Azərbaycan yumurtanın ucuz olduğu 3 ölkədən biri imiş

Məlumdur ki, Azərbaycan ölkə bazarını təmin etməklə yanaşı, xaricə də yumurta satır.
Mətbuatda yayılan məlumatlara görə, Azərbaycandan xaricə yumurta ölkədəkindən daha ucuz satılır.
Açıqlanan məlumatlara görə, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumi dəyəri 1 milyon 224 min dollar olan 20 milyon 505,6 min ədəd yumurta ixrac edilib.
Yumurtanın 1 ədədinin orta gömrük dəyərinin 6 sent (10 qəpik) olduğu vurğulanıb.
TNS xaricə satılan yumurta qiymətləri ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlidən məlumat alıb.
Mürvət Həsənli bildirib ki, hazırda dünyada yumurtanın ən ucuz olduğu 3 ölkə var ki, onlardan biri Azərbaycandır:
"Quşçuluq müəssisələrində yumurtanın topdansatış qiyməti 11-12 qəpikdir.
Hazırda Azərbaycanda yumurtanın 360 ədədi 39-42 manata satılır. ABŞ-yə 360 ədəd yumurta 36-37 dollara satılır. Yol xərcinin də bizə aidiyyatı yoxdur. Yaxın Şərq ölkələrinə yumurtanın bir qutusu 31-33 dollara satılır.
Dünyada yumurtanın ucuz olduğu 3 ölkədən biri Azərbaycandır. Digər ölkələr Hindistan və Pakistandır. Region ölkələrindən Türkiyədə yumurtanın bir ədədi 26-30, Rusiyada 24 qəpiyə satılır. ABŞ-də yumurtanın bir ədədinin qiyməti, bizim pulla 1 manat 10 qəpikdir. Yaxın Şərq ölkələrində qiymət 40 qəpikdir”.
Mürvət Həsənli bildirib ki, hazırda Azərbaycanda əhalinin yumurtaya gündəlik təlabatı təxminən 4 milyondur, istehsal isə 6 milyona çatır.
O qeyd edib ki, aprel ayının sonuna kimi Azərbaycandan Polşaya da yumurta, eyni zamanda quş ətinin ixracı nəzərdə tutulub.
Aygün