Maliyyə Nazirliyindən yenilik - 1 milyard manatın aqibəti necə olacaq?

Məlum olduğu kimi, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq, vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün hərrac keçirib, 1 milyard manat həcmində vəsait 4 yerli sistem əhəmiyyətli bankda yerləşdirilib.
Bu addımın dövlət büdcəsinə hansı müsbət təsirləri olacaq?
TNS-in bu barədə suallarını iqtisadçı Eldəniz Əmirov cavablandırıb.
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin rəhbərliyindəki dəyişiklikdən sonra bir sıra istiqamətlərdə önəmli addımların atılacağı gözlənilən idi: “Artıq tədricən bunların şahidi olmağa başlamışıq. Vəsaitlərin daha səmərəli istifadə olunması üçün atılan bu addım tamamilə doğrudur. Bir müddət əvvəl Hesablama Palatasının hesabatında ayrı-ayrı dövlət qurumlarının buna bənzər hərəkətləri nöqsan kimi ifadə edilmişdi. Həqiqətən də bu, məhz Maliyyə Nazirliyi tərəfindən atılmalı olan addımdır. Bu proses passiv saxlanılan vəsaitlərin aktiv şəkildə müəyyən faiz gəlirinin gətirməsinə imkan yaradacaq. Azərbaycanda çox diqqət ayrılmalı olan istiqamətlərdən biri, hətta birincisi büdcə vəsaitlərinin daha səmərəli istifadəsidir”.
İqtisadçının fikrincə, Maliyyə Nazirliyinin yeni komandası bu işin öhdəsindən gələcək: “Buna böyük ümid bəsləyirəm. Çünki yeni komanda üzvlərinin əvvəlki fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində çox böyük nailiyyətlər əldə edilmişdi.
O ki qaldı prosesin büdcəyə verəcəyi töhfəyə, bu, bank sektoru və dövlət arasında olan yeni bir yanaşma modelini ortaya qoyur. Dövlət bu vəsaitin daha səmərəli istifadəsini həyata keçirməklə büdcə kəsirinin azalmasına dolayı yolla dəstək vermiş olur.
Yatırılan vəsait banklar tərəfindən doğru idarə edilərsə, o zaman bank sektorunun inkişafına töhfə verəcək. Həmin vəsaitlərə banklar tərəfindən xüsusi yanaşıla bilər. Bu vəsati ümumi kredit portfelində olan orta statistik yanaşma modelinə yox, daha güzəştli, qısamüddətli kriteriyalara uyğun təqdim etmək olar. Belə bir mexanizm hazırlanarsa, bu, atılan müsbət addımın daha da böyük effektlər verməsinə xidmət edər. Bunun üçünsə öncə bir mexanizm hazırlanmalıdır”.