Krediti gecikən şəxslərin ailə üzvlərinə zəng olunarsa... - TƏZMİNAT ALA BİLƏRSİNİZ

Son vaxtlar istehlak kreditlərinin sayı artıb. Lakin reallıq odur ki, götürülən kreditlərin heç də hamısı vaxtında qaytarılmır. Ödəmələr gecikəndə isə tərəflər arasında problem yaranır.
Gecikmə olduğu zaman kredit götürən şəxslərin ailə üzvlərinə, qohumlarına, tanışlarına zəng edilir. Lakin şəxs bu əlaqə vasitələrini banka, yaxud şirkətə təqdim etməyib.
Bu, necə baş verir və hüquqi əsası varmı?
Belə vəziyyətdə bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Ümumiyyətlə, bu məsələlər hüquqi çərçivədə necə tənzimlənir?
Mövzu ilə bağlı TNS-in suallarını hüquqşünas, ekspert Əkrəm Həsənov cavablandırıb.
O bildirib ki, belə hal əsasən, bank olmayan kredit təşkilatlarında (BOKT) baş verir:
"Bank sirri deyilən anlayış var. Yəni, mən kredit götürmüşəmsə, bu, sirdir. Əgər mən özüm bu şəxslərin adını verməmişəmsə, bu barədə mənim ailəmə, qohumlarıma, tanışlarıma, iş yerimə məlumat verilə bilməz. Bu halda vətəndaş bankı, yaxud bank olmayan kredit təşkilatını məhkəməyə verib, ona vurulan mənəvi zərərin əvəzini tələb edə bilər. Bu, bank sirrini başqa şəxsə vermək deməkdir. Belə məhkəmə təcrübələri də olub. Məhkəmələr borclu vətəndaşın xeyrinə olaraq mənəvi zərərin ödənilməsini bankdan tələb ediblər".
Azadə Yolçu