Close

13:47
29 Mart 2025
13:09
29 Mart 2025

"Azərbaycanda ət bahalaşa bilər" - Ekspert çıxış yolunu AÇIQLADI

Azərbaycanda 10 il əvvəl, 2015-ci ildə 2 milyon 697 min 500 baş iribuynuzlu, 8 milyon 645 min 400 baş xırdabuynuzlu mal-qara olub.

Bu ilin yanvar ayına olan rəsmi məlumata görə, ölkədə 2 459 700 baş iribuynuzlu, 6 850 200 baş xırdabuynuzlu mal-qara var. 2015-ci illə müqaisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1 milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara azalıb. Ölkədə bu müddət ərzində ətin qiyməti 2-2,5 dəfə bahalaşıb.

Rəqəmlərdə azalma davam edəcəyi halda, bu sahədə hansı problemlərlə üz-üzə qala bilərik?

Göstəricini heç olmasa, əvvəlki vəziyyətinə qaytarmaq, heyvandarlıqda inkişafa nail olmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı TNS-in suallarını cavablandıran iqtisadçı Akif Nəsirli bildirib ki, azalma davam edəcəyi təqdirdə, ətin qıtlaşması və nəticədə ətin qiymətinin daha çox bahalaşması baş verə bilər:

“Azalmanın qarşısını alıb, artıma getmək mümkündür. Bunun üçün hökumətin bır sıra addımlar atmasına ciddi ehtiyac var. Ölkədə heyvan sayının azalması, əslində, 2000-ci ildən başladı. Bələdiyyələrin yaranmasından sonra onların balansına verilən otlaq sahələrini satmağa başladılar. Nəticədə həmin otlaq sahələri sıradan çıxdı. Bələdiyyələrdən geriyə qalan otlaq sahələri dövlət ehtiyat fonduna daxil olan torpaqlar idi. 2014-2015-ci illərdən sonra həmin sahələrdə pambıq əkilməsinə başlanıldı. Bununla da örüş sahələrinin böyük əksəriyyəti tutuldu. Bundan sonra isə dövlət fonduna daxil olan torpaqlarda aqroparklar yaradıldı. Nəticədə otlaq sahələri tamamilə aradan çıxdı. Bunun nəticəsində heyvan sayı azalmağa və ətin qiyməti bahalaşmağa başladı. Hazırda Azərbaycanda ət ABŞ və ya Avropa ilə təxminən eyni qiymətə satılır”.

İqtisadçı bildirib ki, əvvəlki vəziyyətə qayıtmaq üçün, mexaniki mövqedən yanaşılsa, əvvəlcə otlaq sahələri azad edilməlidir.

Akif Nəsirli bunun reallaşacağına inanmadığını deyir: “Həmin ərazilərin çoxunda artıq aqroparklar yaradılıb ki, bu da hökumətin strateji işi kimi təqdim olunur. Amma o da var ki, aqroprakların qarşısına qoyulan hədəflərə nail olunmadı. Deyirdilər ki, aqroparklar yarandıqdan 5 il sonra ölkəyə ərzaq buğdası idxalına ehtiyac qalmayacaq. Halbuki 10 il əvvəl də Azərbaycan ildə 1,2 -1,3 milyon ton ərzaq buğdası idxal edirdi. Bu gün də rəqəmlər dəyişməyib. Heyvandarlığın inkişaf edəcəyi, ətin ucuzlaşacağı da deyilirdi. Ət də bahalaşıb. Biz hökumətin öz addımlarını geri atmasını gözləmirik. Amma bir çıxış yolu var. İşğaldan azad olunan əraziləri sürətlə minalardan təmizləmək və fermerlərin ixtiyarına vermək lazımdır. Həmin ərazilərdə heyvandarlığın inkişafı üçün münbit şərait var. Əkilməsi mümkün olmayan geniş otlaq sahələri var. Yəni, ümid qalır həmin əraziləri fermerlərin ixtiyarına verməyə".

Akif Nəsirli onu da bildirib ki, heyvandarlığın inkişafı üçün hökumət torpaq becərən fermerlərə subsidiyalar verdiyi kimi, heyvandarlıqla məşğul olan fermerlərə də subsidiya verməlidir: “Bu sahəyə subsidiya verilmir. Bəhanələri də odur ki, heyvanların qeydiyyatı yoxdur. Bəs bu məsələni kim həll etməlidir? İdentifikasiya problemini həll etsinlər və heyvan başına subsidiya versinlər. Hökumət buna şərait yaratmalıdır”.

Aygün