Ölkəyə gələn turistlər azalır - Bu, ona görə baş verir ki....

Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 338 min 600 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələn turistlərin sayı 3,9, Tacikistandan 1,9, Çindən 1,8, İspaniyadan 1,7, İordaniyadan 44,6, Hindistandan 44,0, Qırğızıstandan 25,7, Qazaxıstandan 21,0, Pakistandan 19,6, Misirdən 18,9, ABŞ-dan 17,4, Niderlanddan 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.
Turistlərin sayının azalmasına əsas təsir edən amillər nələrdir?
Mövzu ilə bağlı TNS-ə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, rəqəmlərə ümumi baxanda azalma o qədər çox deyil. Sadəcə ölkələrin tərkibinin dəyişməsi məsələsi önə çıxır:
“Gələn turistlərlə bağlı ölkələrin tərkibinin dəyişməsi aviareyslərin, marşrutların çeşidlənməsi ilə əlaqəlidir. Hansı ölkələrə birbaşa reyslər açılır və ya say çoxalırsa, həmin ölkələrdən gələnlərin sayı artır. MDB ölkələrindən gələnlərin sayının azalmasına təsir göstərən ən böyük amil quru sərhədlərinin bağlı olmasıdır. Quru sərhədləri açıq olsa idi, ən azı Gürcüstan, Rusiyadan gələn turistlərin sayında ciddi artım ola bilərdi”.
İqtisadçı Körfəz ölkələrindən gələnlərin sayının azalmasına da toxunub: “ Körfəz ölkələrindən gələnlərin azalması, çox güman ki, bazarın doyumluluğu ilə əlaqəlidir. Son 3-4 ildə Körfəz ölkələrindən gələnlərin sayı sürətlə artırdı. Bazarda sanki doyumluluq yarandı. Azərbaycana bir dəfə səfər edənlər artıq başqa ölkələrə getməyi seçirlər. Burda cəlbedici hekayələrin olmasının da ciddi önəmi olmalıdır. Turist cəlbi həm də müəyyən tədbir və hekayələrə bağlıdır. Azərbaycan öz turizm potensialını, təəssüf ki, hələ ciddi hekayələr qurmaqla sata bilmir. Biz bu işləri genişləndirməli, alternativ turizm növlərini ortaya çıxarmalıyıq. Təbiət, sağlamlıq , ekoloji turizm sahələrinə ciddi diqqət yetirilməlidir”.
Turistlərin sayına ölkədə bu sahədə olan qiymətlərin yüksək olmasının təsir edə biləcəyinə gəlincə isə iqtisadçı bildirib ki, bu məsələdə əsas problem ucuz otellərin sayının azlığı ilə bağlıdır: “Bizdə beşulduzlu otellərin sayı yetərli qədər var, amma onlar da bahadır. Ucuz seqmentdə problem var. Home otel (evlərdə otel-red), butik otel konsepsiyaları, üçulduzlu otellərin sayı azdır ki, bu da ümumən qiymətlərin yüksək olmasına səbəb olur”.
Aygün