Azərbaycan İsrail sularında təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacaq

Azərbaycan bu gün İsrail sularında təbii qazın kəşfiyyatı ilə bağlı müqavilələr imzalayacaq.
TNS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
SOCAR, BP Plc və NewMed Energy LP konsorsiumu dəniz bloku üçün kəşfiyyat hüquqlarını alacaq.
Qeyd edək ki, SOCAR bu yaxınlarda İsrailin Tamar qaz yatağında 10% pay alıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik SOCAR-ın İsrail sularında təbii qazın kəşfiyyatı üçün lisenziya aldığına dair sosial media hesabında paylaşım edib.
“İsrailin təbii qaz sənayesi üçün sevindirici xəbər: Enerji şirkətləri SOCAR, BP və New-Med dördüncü rəqabət prosesi çərçivəsində İsrail sularında təbii qazın kəşfiyyatı üçün lisenziya alıblar”, - deyə səfir bildirib.
Lisenziya təqdimetmə mərasimində İsrailin energetika və infrastruktur naziri Eli Koen, SOCAR-ın sədri və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.