Close

Bakı-Tbilisi sərnişin qatarı açılır - Səfərlərin sayı...

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası müzakirə olunur. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə apardıqlarını açıqlayıb.

Baş nazir Gürcüstanın bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdar olduğunu deyib. O, bu əməkdaşlığın həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynadığı üçün hər iki tərəf bu marşrutun bərpasını prioritet məsələ kimi görür.

Mövzu ilə bağlı TNS-ə danışan deputat Vüqar Bayramov Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə verilməsinin Azərbaycanla Gürcüstan arasında səfərlərin sayının artmasına şərait yaradacağını deyib: “Dəmir yolunun fəaliyyətinin bərpası, vətəndaşların quru yoldan istifadə etməklə qarşılıqlı səfər imkanlarının yaranması deməkdir. Azərbaycan üçün təhlükəsizlik, eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyi, o cümlədən qonşu və dost ölkələrlə əməkdaşlığın gücləndirilməsi prioritetdir.

Bu istiqamətdə aparılan müzakirələr ölkələr arasında münasibətlərin yaxınlıq səviyyəsini göstərməklə yanaşı, həm də turizm imkanlarından daha geniş istifadə anlamına gəlir.

Çünki dəmir yolu nəqliyyatının bərpa edilməsi, birmənalı şəkildə iki ölkə arasında turizm imkanlarının genişləndirilməsinə imkan verəcək. Nəzərə alsaq ki, növbəti aydan etibarən ölkəmizdə turizm mövsümü aktuallaşır.

Dəmir yolu nəqliyyatı Gürcüstan vətəndaşlarının da Azərbaycana gəlməsinə şərait yaradacaq. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Gürcüstana və oradan digər ölkələrə səfərinə müsbət təsir göstərəcək. Yəni, həm ölkəyə gələnlərin, həm də ölkədən xaricə səfər edənlərin sayına birbaşa təsir göstərəcək”.

Aygün