Marketlərdə kərə yağının qiyməti belə “oynayır” - FOTO
![](/upload/files/up4/Xeberler/iqtisadiyyat/2024/10/kere.jpg)
Marketlərdə kərə yağının qiyməti sürətlə dəyişir. Son günlər sosial mediada marketlərdə höküm sürən bu vəziyyətlə bağlı müzakirələr artıb.
Paylaşılan fotolardan da bir həftə ara ilə yağın qiymətində baş verən dəyişklik görünür.
Bu hallar nə üçün baş verir? Qiymətin qısa vaxtda bu qədər dəyişməsini necə izah etmək olar?
Mövzu ilə bağlı TNS-ə danışan Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən bütün malların qiyməti sərbəstdir: “İstehsalçılar və satış şəbəkələri istənilən malı istənilən qiymətə təklif edə bilərlər. Bu, onların öz biznes starategiyasıdır. Müxtəlif markentinq üsullarına görə, müəssisələr daxili problemlərini həll etmək üçün çoxsaylı qiymət manipulyasiyası edə bilər. Qanun bunu qadağan etmir”.
E. Hüseynov problem olan məqamdan bəhs edib: “Biz onu bilməliyik ki, dünya bazarında hər hansı malın qiyməti qalxanda Azərbaycan bazarı dərhal, hətta bir az da tez, reaksiya verir. Amma dünya bazarında qiymətlər enəndə ümumiyyətlə, reaksiya görmürük. Biz bunu 2009-cu ildə ümumdünya maliyyə böhranında da gördük. Qiymətlər düşdü, amma bizim istehlakçılar bundan faydalana bilmədilər. Azərbaycan bazarı, əslində dünya bazarına de-yure inteqrasiya olunub, lakin de-fakto ayrı-ayrı qurumların əlində olduğu üçün qiyməti onlar müəyyənləşdirir. Təsadüfi deyil ki, ölkə Prezidentinin iqtisadiyönümlü çıxışlarında bu məsələ daim vurğulanır. Ölkə bazarında kartel sövdələşməsi var. Yəni, qurumlar öz aralarında qiymətləri müəyyənləşdirir, və s. Bu səbəbdən də qiymətlər belə “oynayır”. Son nəticədə isə bu hallar istehlakçıların narazılığına səbəb olur. Təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəal işləmir, istehlakçı hüquqlarını lazımi qaydada qorumur”.
Aygün