Close

Ərzaq məhsulları bahalaşacaq – SƏBƏB

Azərbaycanda minimum əməkhaqqının və əmək pensiyasının artması ərzaq qiymətlərinə təsir edəcəkmi?

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli TNS-in bu barədə sualına cavabında bildirib ki, Azərbaycanda minimum əməkhaqqı və təqaüdlərlə yanaşı, ərzaq məhsullarının qiymətində də artım olur.

İqtisadçı qeyd edib ki, ölkəmizdə belə bir ənənə formalaşıb: “Minimum əməkhaqqı və təqaüdlər artan kimi bazar iştirakçılarında belə bir  gözlənti formalaşır ki, insanların büdcəsinə daha çox vəsait daxil olacaq. İndi bazara vəsait daha çox daxil olacaq, insanlarda pul, əmək haqları, təqaüdlər artacaq və buna görə də qiymət artımı prosesi sürətlənir. Bu səbəbdən ərzağın bahalaşması ehtimalı yüksəkdir”.

Partiya sədri vurğulayıb ki, ərzaq məhsullarının qiymətinin artmasında obyektiv faktorlar da var: “Azərbaycanda çox zaman mart və aprel aylarında - yerli məhsullar bazara çıxarılana qədər adətən bahalaşma olur. Bu tendensiya davamlı şəkildə müşahidə edilir. Nəticə etibarilə aprel, may aylarına qədər qiymət artımının şahidi olacağıq”.

Ayşən Azadova