Close

16:50
15 Yanvar 2025

“Bu addımlar uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə verir”

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar əhalinin sosial rifahına necə təsir edəcək?

TNS-in bu barədə sualını cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov 2018-ci ildən 2024-cü ilə qədər ölkəmizdə dörd mühüm sosial islahat paketinin həyata keçirildiyini, bu tədbirlərin ümumilikdə 4 milyon vətəndaşımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini və bu məqsədlərə 7 milyard manatdan artıq vəsait yönəldildiyini vurğulayıb.

Elnur Ələkbərov qeyd edib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasətin davamı olaraq, cari ildən etibarən beşinci sosial islahat paketinin icrasına başlanılıb: “Yeni paket 3 milyon nəfəri əhatə edəcək və onun maliyyələşdirilməsi üçün 1,4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Daha ətraflı ifadə etsək, təxminən 700 min nəfər əməkhaqlarının, 1,1 milyon nəfər pensiyaların, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaq. Artıq Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinin bir neçə qərarı qəbul olunub. Həmçinin ölkə başçısının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı Sərəncamı imzalanıb. Bu Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 15% artırıldı. Ümumiyyətlə, sosial sahədə atılan addımların məqsədi ilk növbədə əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətlərinin yaxşılaşdırılması, əməkhaqqı və digər pul gəlirlərinin artması ilə uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə verməkdir”.

Sosial islahatlar çərçivəsində əməkhaqqı və pensiyaların artırılmasının iqtisadiyyata təsirindən danışan E.Ələkbərov 2024-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərinin nominal ifadədə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artdığını, həmin dövrdə istehlak qiymətləri indeksinin 2 faiz təşkil etdiyini qeyd edərək əhalinin real gəlirlərinin 4 faizdən çox yüksəldiyini qeyd edib: “Bu rəqəmlər 2024-cü ilə aiddir və 2025-ci ildə sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı və pensiyaların 15% civarında artmasını, bunun müqabilində inflyasiyanın 4-5% ətrafında olacağı proqnozunu nəzərə alsaq, əhalinin real gəlirlərinin bir qədər də çoxalması gözlənilir. Bu artımlar, ilk növbədə, vətəndaşların alıcılıq qabiliyyətini gücləndirəcək, daxili bazarda tələbi artıracaq və nəticədə iqtisadi aktivliyi canlandıracaq. Həmçinin yoxsulluq səviyyəsinin azalmasına və sosial təminat sisteminin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.