Azərbaycan Avropaya nə qədər təbii qaz ixrac edib?
“2024-cü ildə Azərbaycan Avropaya qısa və uzun müddətli müqavilələr üzrə 12.9 milyard kubmetr qaz ixrac edib”.
Bunu TNS-ə iqtisadçı Samir Heydərov deyib.
İqtisadçı bildirib ki, son 4 ildə TAP ilə Avropaya 42.8 milyard kub metr qaz ixrac olunub. Ötürmə qabiliyyəti illik 10 milyard kubmetr olan kəmərin uzunluğu 880.8 km-dir: “Umumilikdə isə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi 23.5 milyard kubmetr olub. Hazırda ölkəmiz 12 ölkəyə mavi yanacaq nəql edir. Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 604 milyon 209.14 min ABŞ dolları təşkil edib. İxrac edilən təbii qazın həcmi həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3.5%, dəyəri isə 40.5% azdır.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 31.24% olub. 2024-cü ildə Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 2 dəfədən çox ucuzlaşıb. Belə ki, 2024-cü ildə xaricə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 344 dollar (585 manat) olub. 2023-cü ildə isə bu qiymət 733 dollar (1246 manat) idi. Bu da illik müqayisədə 389 dollar (661 manat) və ya 53.1 %(2.1 dəfə) azalma deməkdir. Ötən il Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kubmetrinin orta ixrac qiyməti 54 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 89 qəpik idi”.
Samir Heydərov vurğulayıb ki, Azərbaycan üçün təbii qaz ixracı iqtisadi baxımdan sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə, ölkəmiz üçün sərfəlidir: “Azərbaycandan ən çox İtaliya və Türkiyə təbii qaz idxal edir. Abşeron yatağının mərhələli işlənməsi və illik hasilatın 1.5 milyard kubametrdən 6 milyard kubametrə çatdrılması planları ölkəmizin gəlirlərinin artırmaqla yanaşı, regional və Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.
Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı ilə imzalanmış müqaviləyə əsasən, 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi iki etap genişləndrildikdən sonra həcmlərin 20 milyard kubametrədək artacağı gözlənilir”.
Ayşən Azadova