Nəhənglərin neft bazarındakı savaşı - Azərbaycana təhdid varmı?
“2025-ci ildə neftin qiyməti ilə bağlı müxtəlif beynəlxalq maliyyə qurumlarının, ayrı-ayrı ölkələrin mütəxəssislərinin açıqladığı proqnozlar bir-birindən fərqlənmir”.
Bunu TNS-ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı qeyd edib ki, qiymətlər 75-83 dollar arasında proqnozlaşdırılır: “Hesab edirəm ki, bu qiymət aralığı hazırkı tərəddüdlü, dalğalı və böhranlı bir vəziyyət yaşayan dünya iqtisadiyyatı üçün əslində kifayət qədər optimist göstəricidir. Dünya bazarında neftin qiymətinin 85 dollardan yuxarı qalxacağını gözləmirəm. Əksinə, kəskin şəkildə düşmələrin olacağını təxmin edirəm. Çünki Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin neft hasilatını artıracağını, eyni zamanda qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər görəcəyini bir neçə dəfə bəyan edib. Lakin "OPEC +" formatında da neftin qiymətinin enişinə qarşı müvafiq tədbirlər görülür. Bu baxımdan “OPEC +” formatının qiymətlərin artması, Trampın aşağı salınması istiqamətindəki addımları fonunda 75 dollar ətrafında illik orta statistik bir nəticənin alınacağını gözləyə bilərik. Təbii ki, Azərbaycanın da dövlət büdcəsində 2025-ci il üçün neftin qiyməti 70 dollardan hesablandığı üçün büdcənin icrası ilə bağlı hər hansı təhdidin olacağını düşünmürəm”.
Ayşən Azadova