Close

Azərbaycanda yanacaqdoldurma məntəqələrində dizel qıtlığı yarandı

Azərbaycandakı yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb.

Bu barədə TNS-ə sürücülər məlumat verib.

Bildirilib ki, dünən axşam saatlarından ölkədəki əksər yanacaqdoldurma məntəqələri dizel yanacağının satışını dayandırıb.

Sürücülər bəzi yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı ilə üzləşiblər. Bəzi məntəqələrdə benzin qıtlığı olsa da, əksər yanacaqdoldurma məntəqələrində əsasən, dizel qurtarıb. Yanacaqdoldurma məntəqələrindən deyiblər ki, onlara iki gündür, dizel verilmir, yalnız Ai-92 və Ai-95 markalı benzin gətirilir.

“SOCAR Petroleum” QSC-dən bununla bağlı məlumat əldə etmək mümkün olmayıb. Belə ki, QSC məlumatı təsdiq etməsə də, təkzib də etməyib: “Bunu kim deyir? Yanacaq satılır, axı”.

Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən "TOC oil", "Link oil", "TOB oil", "Petrol 100" və digər məntəqələrdən bildirilib ki, dizel ala bilmirlər.

Daha bir yanacaqdoldurma məntəqəsində isə deyiblər ki, Bakı Neft Emalı Zavodunun bir hissəsi təmirə bağlandığından yanacaqdoldurma məntəqələri vaxtında yanacaq almaqda çətinlik çəkir.

Məsələ ilə bağlı Tarif Şurasından TNS-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə yanacağın qiymətinin artması ilə bağlı heç bir qərar olmayıb və yaxın vaxtlarda da gözlənilmir.