Azərbaycan bu ölkələrə yumurta ixrac edir - Quş əti isə...
Azərbaycandan hazırda Yaxın Şərq ölkələrinə süfrə yumurtası ixrac olunur.
Bunu TNS-ə açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Belə ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Əfqanıstan, İraq kimi ölkələrə süfrə yumurtası ixracı həyata keçirilir: “Ümumilikdə bu il təxminən 100 milyona yaxın ixrac olub. İlin əvvəlində Rusiya Federasiyasına da süfrə yumurtası ilə bağlı ciddi ixracımız oldu. Eləcə də, Dubaya damazlıq yumurta ixrac olundu. Tələb olarsa, yenə də damazlıq yumurta ixrac edə bilərik. Yaxın gələcəkdə sifarişin olacağı gözlənilir”.
Sədr onu da qeyd edib ki, quş əti ixracı hələ ki, yoxdur: “Ölkədə quş ətinə olan təlabatın 90 faizə qədəri yerli istehsal hesabına ödənilir. Qalan qismi isə xaricdən gətirilir. Gələn il ət ixracının həyata keçirilməsi gözlənilir”.
O qeyd edib ki, bu gün ölkə əhalisinin yumurtaya günlük təlabatı 4 milyondursa, Azərbaycanda sənaye üsulu ilə 5 milyondan daha çox yumurta istehsal olunur.
Hazırda yumurtanın pərakəndə satış qiyməti 16-17 qəpik, fabrikdən çıxış qiyməti isə 13-14 qəpik təşkil edir.
Aygün