Close

Azad edilmiş ərazilərin turizm potensialı - Bu bölgələr istirahət mərkəzinə çevriləcək

"Qarabağ bölgəsinin zəngin turizm potensialı Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir".

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən bildirillib.

Qeyd edilib ki, ortamüddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyələşib.

"Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. Bunlar işğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. İnfrastruktur layihələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2022-ci il tarixli Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində istirahət parkının açılışı baş tutub. Suqovuşanla bağlı növbəti mərhələ üzrə işlər davam etdirilir. Daşaltıda, Ağdamda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması üzrə layihələr davam etdirilir", - deyə agentlikdən bildirilib.

Qeyd edilib ki, Qarabağ üzrə turizm sənayesinin potensialını inkişaf etdirmək məqsədilə müxtəlif tədbirlər keçirilir və təlimlər təşkil olunur: "Ötən ilin sonunda Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının birgə Fəaliyyət Proqramına əsasən Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilən ekspert və təlimçilər tərəfindən Bakı və Gəncə ilə yanaşı, Şuşada da qeydiyyat, qidalanma və təmizlik, o cümlədən idarəçilik bacarıqları üzrə təlimlər keçirilib. 2024-cü ilin noyabr ayında Dövlət Turizm Agentliyinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədilə keçirilən təlimlər başa çatıb. Təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub və Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiyasiyası tərəfindən keçirilib. Təlimlərin nəzəri hissəsi Naftalan şəhərində, praktiki hissəsi isə Qarabağın turizm potensiallı ərazilərində, həmçinin Gəncə və Bərdə şəhərlərində baş tutub. Eləcə də işğaldan azad edilmiş ərazilərin işgüzar turizm potensialının tanıdılması məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam şəhərində “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda birinci elmi-praktiki konfrans, “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans, cari ilin sentyabr ayında Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərində beynəlxalq qastronomiya günü, oktyabr ayında isə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib. Həmçinin 2024-cü ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarını nümayiş etdirmək və geniş kütləyə tanıtmaq məqsədini daşıyan məlumatlandırıcı və maarifləndirici "Real Vətən - Qarabağ" telelayihəsinin icrasına başlanılıb. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır".

Ayşən Azadova