Dollar Azərbaycanda da bahalaşır?
İranın milli valyutası olan tümənin məzənnəsi ABŞ dollarına nisbətdə bu gün daha 2% ucuzlaşaraq, yeni tarixi minimuma - 756 min riala (75,6 min tümən) düşüb.
Azərbaycanda da milli valyutanın dollar qarşısında ucuzlaşması mümkündür?
TNS-in bu barədə sualını cavablandıran iqtisadçı Eldəniz Əmirov bildirib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəsinin icrasına başladıqdan sonra ölkənin daxili iqtisadi inkişafına yönəlik qərarlar verməsi, bu qəbildən də dolların möhkəmlənməsi ilə bağlı addımlar atması gözləniləndir: "ABŞ dollarının güclənməsi İran kimi iqtisadiyyatı, milli valyutası zəif, qeyri-stabilolan ölkələrdə daha da dəyər qazanması gözlənilən idi”.
Dolların Azərbaycana təsirinə gəlincə isə ekspert qeyd edib ki, bizdə dollar birmənalı olaraq inzibati metodlarla tənzimlənir: “Daha dəqiqi, Mərkəzi Bank tərəfindən məzənnə stabilliyi qorunduğu üçün birbaşa olaraq, manat üçün hansısa təhlükə yaratmır. Hazırda manatın məzənnə stabilliyinin qorunmasına ölkənin valyuta ehtiyatları, əlalxüsus da neft gəlirləri əsasında formalaşmış Dövlət Neft Fondunun ehtiyatları bir qarant rolunu oynayır. Yaxın bir-iki il ərzində də nefti qimətin 70 dollardan yuxarı səviyyədə proqnozlaşdırılması Azərbaycan dövlətinə imkan verəcək ki, manatın məzənnə stabilliyini qoruyub saxlasın. Bu proses ölkənin makroiqtisadi tarazlığının da qorunub saxlanmasında başlıca faktordur. Hazırda manat stabil olaraq qalmaqddır. Lakin digər qonşu ölkələrdə dolların bahalaşması, həmin ölkələrdən Azərbaycana idxal olunan məhsulların qiymətində artıma səbəb ola bilər”.