"Bu, dolların məzənnəsini artıracaq"
Noyabr ayının sonunda ABŞ-nin dövlət borcu tarixi rekord səviyyəyə çataraq, 36 trilyon dolları keçib. Milyarder İlon Mask bundan narahatlığını dilə gətirib.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Samir Heydərov bildirib ki, Mask getdikcə ABŞ Prezidenti Donald Trampın yanında nüfuz qazanmaqdadır. Bu baxımdan, hətta xarici liderlərlə görüşlərdə də Donald Trampın yanında İlon Maskı görmək olar: “Mask ABŞ Nazirlər Kabineti üzvlərinin seçimində də söz sahibinə çevrilməkdədir. Hətta Konqresdəki Respublikaçılar arasında da onun nüfuzu artıb.
Milyarder büdcə xərclərinin 2 trilyon ixtisar edilməsinin tərəfdarıdır.
Onun ABŞ-nin borcunun kəskin artmasına qarşı irəli sürdüyü "Dövlətin effektiv idarəedilməsi" proqramı çərçivəsində büdcə xərclərinin 2 trilyon ixtisarını təklif edir”.
Samir Heydərovun dediyinə görə, 2 trilyonluq ixtisar ABŞ-də sosial proqramlarının azalmasını ehtiva edir: "Əvvəlki prezidentlərin büdcə xərclərini ixtisar etmə cəhdləri hər zaman uğursuzluqla nəticələnib, amma bu dəfə Konqresdəki “Respublikaçılar” bu ideyanı dəstəkləyir. Xərclərin azalması dolların beynəlxalq valyuta bazarında məzənnəsini artıracaq. Eyni zamanda, ABŞ-nin dünyadakı proseslərə təsirini azaldacaq. Məlum məsələdir ki, ABŞ Ukraynaya maliyyə yardımı göstərir, bu ixtisarlar Ukraynaya yardımın kəskin azalması ilə nəticələnəcək”.
Ayşən Azadova