Close

İpoteka üçün ayrılan vəsait artırılır – Kimlər yararlana biləcək?

Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.

Növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. Bu, daha çox vətəndaşımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir.

Bu imkanlardan kimlər yararlana biləcək?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkəmizdə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təbii olaraq, mənzil əlçatanlığının yaxşılaşdırılması istiqamətində önəmli bir addımdır.

e-emirov

E. Əmirov deyib ki, bu, tikinti sektorunun da inkişafına öz töhfəsini verəcək: "Tikinti sektoru ilə yanaşı, bu sektorla bağlı olan digər istiqamətlər, məsələn, mebel istehsalı, müxtəlif xidmət sahələri də inkişaf edəcək. Yəni ipoteka kreditləri eyni zamanda digər sektorlara müsbət təsir göstərir. O ki qaldı kimlərin yararlana biləcəyinə, ipoteka kreditlərindən yararlanmaq istəyən şəxslərin İpoteka və Kredit Zəmanət Fondunun internet resurslarından istifadə etmələri məsləhətdir. Çünki burada bir çox suala dəqiq cavablar verilib. Kimlərin bu kreditdən yararlana biləcəyi, yaş həddi, ipotekanın hansı şərtlərlə verilməsi, prosedur qaydaları, tələb olunan sənədlər və digər suallara cavab tapmaq mümkündür. Eyni zamanda burada insanların daha məlumat alması üçün “Mən ipoteka” kalkulyatoru deyilən sistem yaradılıb”.

Ayşən Azadova