Çörəyin qiyməti ucuzlaşacaq?
Ötən gün ölkədə unun qiymətinin aşağı və yuxarı həddi elan edilib.
Ən ucuz unun 50 kq-lıq kisəsi 26 manat, ən bahalısı isə 28 manat 20 qəpiyə təklif edilir. Beləliklə, unun qiymətinin aşağı həddi 20 qəpik azaldılıb.
20 qəpiklik ucuzlaşma çörəyin ucuzlaşmasına səbəb ola bilər?
Məsələ ilə bağlı TNS-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda dekabr ayı üzrə unun satış qiymətlərinin azalması elə də mühüm bir hadisə deyil.
“Bu cür dəyişikliklərin - 20 qəpik düşmə, 1 manat artma kimi məsələlərin çörəyin qiymətinə heç bir təsiri olmur. Kiçik bir hesablamanı qeyd edim. 20 qəpiklik azalma kisəsi 50 kq unun qiyməti üçün nəzərdə tutulub. Bu hesablamanın nəticəsi ilə çörəyin qiymətində 1 qəpikdən də aşağı bir məbləğdə enmə ola bilər. Ona görə də bu cür dəyişikliklər çörəyin qiymətinə ciddi təsir göstərməz", - deyə Xalid Kərimli bildirib.
Ayşən Azadova